Yaxşı məşqçinin nağılı
- 15 Okt 2024 09:34
- 502
Əbəs yerə Stanislav Çerçesovdan canımızı qurtardığımıza sevinmirdik ki. AFFA-nın futboldan bixəbər başbilənləri az qalmışdı ki, osetin çalışdırıcını millimizə baş məşqçi təyin etsinlər. Bizdən əli üzülən rusiyalı işbazlar həmyerlilərini Qazaxıstan millisinə dürtüşdürə bildilər. Nəticə göz qabağındadır. Millətlər Liqasında qrup qalibi olan qazaxlar B liqasına yüksəlmişdilər. Bu yüksəliş onlara Avropa çempionatının final mərhələsinə qatılmaq üçün play-off oynamaq fürsəti verirdi. Eyni zamanda Maqomed Adıyevin çalışdırdığı komanda Avropa çempionatının seçmə mərhələsini də yüksək səviyyədə keçirdi, az qalırdı ki, qrupunun qalibi olsun.
Çerçesov gələndən Qazaxıstan bizim günümüzə düşüb. Qrupdakı ardıcıl üç oyunu uduzan qazaxlar heç qol vurmağı da bacarmır. Bu faktın özü məşqçi amilinin komanda üçün nə qədər vacib amil olduğunu göstərir. Çünki Çerçesovun əlinin altındakı material Adıyevlə eynidi. Qazaxıstan millisi qısa müddətdə hansısa kardinal dəyişikliyə məruz qalmayıb. Yeganə dəyişiklik məşqçinin Adıyev yox, Çerçesov olmasıdır. Birincisi orta səviyyəli futbolçuları vahid məqsəd ətrafında birləşdirib, möhkəm komanda yaratmağı bacarmışdı. İkincisi isə ayrı-ayrı futbolçularla intiriqa aparır. Artıq qazax jurnalistlər də Çerçesovun özündən razılığından şikayətçidir. Sonuncu mətbuat konfransında osetin çalışdırıcı qazaxıstanlı həmkarlarımızdan birinə “ağıllı suallarınızı özünüzə saxlayın” deməkdən çəkinməyib.
Bu gedişlə Çerçesovun Qazaxıstandan qovulacağı gün də uzaqda deyil. Qazaxlara yaxşı bələdəm. İnanıram ki, mətbuatın təzyiqi və ictimai qınaq effekt verəcək, yerli federasiyanın rəhbərliyi səhvini başa düşüb, Çerçesovu yola salacaq. Biz isə yağışdan çıxıb, yağmura düşmüşük. Çerçesovdan yan keçsək də, ondan betərini millimizin baş məşqçisi təyin ediblər. Məğlubiyyətləri sıralayırıq, yığmamız hər qarşılaşmada rəqibin kimliyindən asılı olmadan qapısından üç top buraxır. Futbolçuların adına baxanda azərbaycanlı tapmaq olmur. Kapitan dağıstanlı, qapıçı dağıstanlı, dayaq yarımmüdafiəçisi ukraynalı və sair... Santuş isə bizə nağıl danışır. Deyir ki, səbrli olun, nəticə bir ildən sonra gələcək. Kiminlə gələcək, ay Santuş baba? Sosial şəbəkələri Santuşun əlindəki siqareti necə yanğıyla tüstülətməsini əks etdirən şəkillər bəzəyir. Milli komandamız ürək ağrı səbəbinə, lağlağı mövzusuna çevrilib. Xal qrafamızın qarşısında “0” rəqəmi yazılıb. 70 yaşını tamamlayan Santuş isə bizə böyük layihələrdən, kommunizm kimi işıqlı gələcəkdən bəhs edir.
Çox hörmətli AFFA başbilənləri, qurtarın bu komediyanı. Bəli, biz başa düşürük ki, Azərbaycan futbolunun səviyyəsi aşağıdır, səviyyəli futbolçumuz demək olar ki, yoxdur. Amma yazının əvvəlində qeyd etdiyim kimi, sizin də bəyəndiyiniz Çerçesov Adıyevlə tarix yazan Qazaxıstan millisini qola və qələbəyə həsrət qoyub. Deməli, yaxşı məşqçiylə minimal şərtlərdə nəticə qazanmaq olar. Yola salın Santuşu, evinə qayıtsın, boş yerə zaman və pul xərcləməyin. Azərbaycan millisi əcnəbi məşqçisiz də uduzmağı bacaracaq. Daha nağıllara inanan yaşımız keçib, biz Avropa çempionu olmuş məşqçinin nağılları ilə yuxuya gedə bilmərik.