Yelena Parxomenko: "Özümü azərbaycanlı hesab edirəm" VİDEO
- 27 Okt 2020 18:00
- 927
Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Parxomenko Ordumuza dəstəklə bağlı sosial şəbəkədə video-müraciət paylaşıb.
Rekord.az xəbər verir ki, o, atasının ukraynalı, anasının isə rusiyalı olmasına baxmayaraq, özünü azərbaycanlı hesab etdiyini deyib:
“Mən Bakıda doğulmuşam, atam ukraynalı, anam rusiyalıdır. Azərbaycan mənim vətənimdir. Çoxları elə hesab edə bilər ki, mən ukraynalıyam. Xeyr. Mən bütün ruhumla Azərbaycanı dəstəkləyirəm. Bura mənim ölkəmdir. Özümü azərbaycanlı hesab edirəm.
Mən voleybolçu karyerama Bakıda başlamışam. 1996-cı ildən karyeramı başa vurana qədər beynəlxalq arenada Azərbaycan millisini təmsil etməyə başlamışam. “Azerreyl”, “Lokomativ” və “Azəryol” klubunda çıxış etmişəm.
Xristian kimi sizi əmin edə bilərəm ki, Azərbaycanda heç vaxt dini ayrı-seçkilik olmayıb. Siz bu gün Azərbaycanda məscid, kilsə və sinaqoqları rahatlıqla ziyarət edə bilərsiniz.
Burada katolik və provaslav kilsəsi var. Azərbaycan qanunvericiliyində maddə var ki, orada aydın şəkildə yazılıb: din dövlətdən ayrıdır. Bizim tolerant və dünyəvi dövlətimiz var.
Vətənimizi qoruyan hər bir əsgər bilməlidir ki, biz burada onlara inanırıq, onlardan qələbə gözləyirik və biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!”