Yeni format, aşağı məsuldarlıq, azarkeş qıtlığı AÇ-2024-ə doğru
- 22 May 2024 13:48
- 1119
Futbol üzrə 6-cı Avropa çempionatı 1980-ci ildə İtaliyada təşkil olundu. Bu çempionat bir sıra yenilikləri ilə tarixə düşdü. Öncə ondan başlayaq ki, turnirin final mərhələsində ilk dəfə 4 yox, 8 komanda mübarizə apardı. Həmin 8 komandanın 7-si seçmə mərhələnin qalibləri, bir komanda isə ev sahibi idi. Maraq üçün deyək ki, buna qədər ev sahibi komanda da seçmə mərhələdə oynayırdısa, məhz 1980-ci ildən etibarən bu qayda da ləğv olundu. Yəni ev sahibinə məhz ev sahibi olduğu üçün final mərhələdə birbaşa iştirak hüququ verildi. Bundan başqa, turnirin vaxtı da əvvəlki çempionatlarla müqayisədə uzadıldı. Daha öncə 4 komanda qalibi 4 gün ərzində müəyyyən edirdisə, 1980-cı il çempionatında 8 komanda bunu 11 gün ərzində etməli idi.
İlk dəfə iki qrup, 4 stadion
Turnirin reqlamentinə gəlincə, 8 komanda iki qrupa bölünmüşdü. Qrup mübarizələrindən sonra hər qrupun qalibi birbaşa finalda oynamaq hüququ qazanırdı. Qrupda ikinci yeri tutan komandalar isə bürünc medalın sahibini müəyyən etməli idi. Final mərhələnin 8 iştirakçısına gəlincə, bunlar ev sahibləri İtaliya, eləcə də, İngiltərə, Belçika, Yunanıstan, İspaniya, Niderland, Almaniya və Çexoslovakiya yığmaları idi. Almaniya, Çexoslovakiya, Niderland və Yunanıstan A, Belçika, İtaliya, İspaniya və Belçika isə B qrupunda mübarizə aparırdı. İtaliya millisi turnir öncəsi ciddi itki ilə üzləşmişdi. Çünki komandanın aparıcı futbolçusu Paolo Rossi danışılmış oyunlar və gizli totalizatorla əlaqəli olaraq iki illik diskvalivikasiya edilmişdi və dogma komandasına kömək edə bilməyəcəkdi. Bu iki qrupun oyunları isə 4 fərqli şəhərin, 4 stadionunda keçirilirdi, Bunun özü də Avropa çempionatları tarixində bir ilk idi ki, stadionlar Roma "Olimpiya stadionu", "Cüzeppe Meatsa" (Mİlan), "San Paolo" (Neapol) və "Komunale" (Turin) idi.
Aşağı məsuldarlıq, azarkeş qıtlığı
Yuxarıda sadalananlar yenilik baxımından nə qədər müsbət məqamlar olsa da, ümumilikdə AVRO-80 daha çox mənfi nüanslarla yadda qaldı. İlk növbədə oyunlara azarkeş marağı çox aşağı səviyyədə idi. Təsəvvür edin, Çexoslovakiya - Almaniya matçı 86 minlik Olimpiya Stadionunda keçirilsə də, bu qarşılaşmanı cəmi 11 min azarkeş izləmişdi. Yaxud A qrupunun elə həmin stadionda keçirilən Yunanıstan - Çexoslavakiya qarşılaşmasını 4700 azarkeş izləmişdi. Yaxud B qrupunun 85 minlik "Cüzeppe Meatsa"da keçirilən Belçika - İspaniya matçına 11 min adam baxmışdı. Yalnız ev sahibi İtaliyanın oyunlarına daha çox azarkeş gəlirdi. Bundan başqa, turnirdəki məhsuldarlıq da çox aşağı idi (oyun başına 1,93 qol). AÇ-80 həmçinin ingilis azarkeşlərin xuliqanlığı ilə də yadda qaldı.
Almaniya hamıdan güclü oldu
Gözlənildiyi kimi, A qrupunu Almaniya millisi lider kimi başa vurdu. Yalnız Çexoslovakiyanın Niderlandı qabaqlayıb qrup ikincisi olması, bir qədər gözlənilməz oldu. B qrupunda isə Belçika gözlənilmədən lider oldu və finala vəsiqə qazandı. 2-ci pilləni ev sahibi İtaliya tutdu. Futbolun yaradıcıları olan ingilislər isə qrupda qaldı. 3-cü yer uğrunda oyunun əsas və əlavə vaxtı heç-heçə bitdiyi üçün bürünc medalçını penalti seriyası müəyyən etdi. Burada isə uzun sürən seriyadan Çexoslovakiya futbolçuları qalib ayrılıb 3-cü pillənin sahibi oldu. Nəhayət, Almaniya və Belçika iyunun 22-də Romada, 47 min azarkeşin gözü önündə Avropa çempionunun kimliyinə aydınlıq gətirdi. Belçika həmin dönəm üçün yaxşı heyətə malik idi. Komandada Jan-Mari Pfaff, Erik Gerets, Fransua van der Elst və Yan Kulemans futbolçular forma geyinirdi. Hələ biz komandanın baş məşqçisi, “hiyləgər tülkü” ləqəbli Gi Tisi demirik. Amma almanların da heyətində Harald Şumaxer, Karl-Hayns Rummenigge, Manfred Kalts, Bernd Şuster, Uli Ştilike kimi ulduzlar var idi. Oyunda hesabı 10-cu dəqiqədə Hrubiş açdı. Vandereykken 75-ci dəqiqəqə penaltidən hesabı bərabərləşdirdi. Hər kəs oyunun əlavə vaxtda gedəcəyini düşündüyü vaxt səhnəyə yenidən Hrubiş çıxdı və 88-ci dəqiqədə vurduğu qolla Almaniyaya Avropa çempionluğunu qazandırdı. Maraqlıdır ki, Hrubiş qrup mərhələdə qol vurmamışdı. Turnirin bombardiri adını isə 3 qolla onun komanda yoldaşı Klaus Adolf qazandı.
A qrupu
Çexoslovakiya – Almaniya 0:1
Qol: Rummenige, 57
11 iyun, Roma Olimpiya Stadionu, 11 059 tamaşaçı
Baş hakim: Alberto Miçelotti (İtaliya)
Niderland – Yunanıstan 1:0
Qol: Kist, 65 (pen)
11 iyun “San Paulo”, Neapol, 14 990 tamaşaçı
Baş hakim: Adolf Prokop (Almaniya)
Almaniya – Niderland 3:2
Qollar: K.Adolf, 20, 60, 65 – Rep, 79 (pen), Van de Kerkhof (85)
14 iyun, “San Paulo”, Neapol, 26 546 tamaşaçı
Baş hakim: Rober Vyurst (Niderland)
Yunanıstan – Çexoslovakiya 1:3
Qollar: Anastopulos, 14 – Panenka, 6; Vizek, 26; Neqoda, 63
14 iyun, Roma Olimpiya Stadionu, 4 726 tamaşaçı
Niderland – Çexoslovakiya 1:1
Qollar: Kist, 59 – Neqoda, 16
17 iyun, “Cüzeppe Meatssa”, Milan, 11 889 tamaşaçı
Baş hakim: Hilmi Ok (Türkiyə)
Yunanıstan – Almaniya 0:0
17 iyun, “Komunale”, Turin, 13 901 tamaşaçə
Baş hakim: Brayan Makginli (Şotlandiya)
B qrupu
Belçika – İngiltərə 1:1
Qollar: Kulemans, 29 – Uikins, 26
12 iyun, “Komunale”, Turin, 15 186 tamaşaçı
Baş hakim: Haynts Aldinger (Almaniya)
İspaniya – İtaliya 0:0
12 iyun, “Cüzeppe Meatssa”, Milan, 46 816 tamaşaçı
Baş hakim: Karol palotai (Macarıstan)
Belçika – İspaniya 2:1
Qollar: Herets, 17; Kuls, 65 – Kastro Qonsales, 36
15 iyun, “Cüzeppe Meatssa”, Milan, 11 430 tamaşaçı
Baş hakim: Çarlz Korver (Çexoslavakiya)
İngiltərə - İtaliya 0:1
Qol: Tardelli, 79
15 iyun, “Komunale”, Turin, 59 646 tamaşaçı
Baş hakim: Nikolae Raynya (Rumıniya)
İspaniya – İngiltərə 1:2
Qollar: Dani, 48 (pen) – Brukinq, 19; Vudkov, 61
18 iyun, “San Paulo”, Neapol, 14 440 tamaşaçı
Baş hakim: Erik Linemayr (Avstriya)
İtaliya – Belçika 0:0
18 iyun, Roma Olimpiya Stadionu, 42 318 tamaşaçı
Baş hakim: Antoniu Qarridu (Portuqaliya)
3-cü yer uğrunda oyun
Çexoslovakiya – İtaliya 1:1 (pen 9:8)
Qollar: Yurkemik, 54 – Qratsiani, 73
21 iyun, “San Paulo”, Neapol, 24 652 tamaşaçı
Baş hakim: Erix Linemayr (Avstriya)
FİNAL
Belçika – Almaniya 1:2
Qollar: Vandereykken, 75 (pen) – Hrubeş, 10, 88
22 iyun, Roma Olimpiya Stadionu, 47 864 tamaşaçı
Baş hakim: Nikolae Raynya (Rumıniya)
Hazırladı: Anar XANLAROV