"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Ruh olaraq möhkəmləndik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu.

İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Yeni komandayıq. Heyət baxımından problemlərimiz var. Bunu bir ayda həll etmək mümkün deyil. Yeni oyunçular gətirmək üçün vaxtımız azdır. Heç bir legioner futbolçu Azərbaycanı prioritet saymır. 5-6 minlik oyunçular 10 min tələb edir. Konfrans Liqasının dadını çıxaracağıq.

"Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb. Orada görülən yaxşı işlər var. Təzə rəhbərlik gəlib. Etmək istədikləri layihələrdən xəbərim var. Orada dostlarım çoxdur. Daha yaxşı, daha güclü "Neftçi" olacaq. Bunu əminliklə deyirəm. İstəyərdim ki, onlar da avrokuboklara getsinlər”.