“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Sileks”ə (Şimali Makedoniya) qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Vacib qələbə idi. İki aydan sonra ilk rəsmi oyunumuzda qalib gəlmək xoşdur. Sadəcə əfsuslar olsun ki, azarkeşlərimiz stadionda yox idi. Bu gün azarkeşsiz futbolun nə olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunumuz, sonra yenidən ÇL matçımız var. Yaxşı hazırlaşmalıyıq.

- Maksim Medvedevin son durumu necədir?
- Maksimin durumu sabah dəqiq bilinəcək. Düşünmürəm ki, çox da ciddi olsun. Topuq hissəsində güclü ağrısı oldu. İnşallah, bu, tez bir zamanda keçər.

- Sanki ilk hissədə bir az narazılığınız var idi. Bir az tempsiz "Qarabağ" gördük.
- Bu gün futbolçulardan sürətli oyun gözləyə bilmərik. Xeyli sayda sürətli hücumlarımız oldu, sadəcə, sürətdən daha çox topla daha səliqəli oynamalı idilər. Bunu onlardan tələb etmişdim. Hər bir futbolçunu başa düşür və qəbul edirəm ki, indi onlardan ən yaxşı oyunlarını tələb edə bilmərəm. Hazırlaşdığımız bəzi hücumlar alındı, standart zərbələrdə də pis deyildik.

- Növbəti mərhələdə "Şerif" - "Fola Eş" cütündən hansını rəqib görmək istəyirsiz? 
- Fikir bildirə bilmərəm. Hansı olsa, bizim üçün rəqibdir. Əsas bu gün buraxdığımız səhvlərimizi etməməliyik. Oturub gözləyəcəyik ki, kim rəqib olacaq.

- Bu gün rəqibin səviyyəsi imkan verdimi ki, səhvləri görə biləsiz?
- Səhvlər var. Bəzi elementlər var ki, bunun üçün rəqibin güclü olması lazım deyil. Səhvlər o zaman olur ki, futbolçu və komanda ritmindən uzaq olsun. Çatışmazlıqları burda demək istəməzdim. Oyundan oyuna bunları aradan qaldırmalıyıq.

- Yeni transferlər gözlənilirmi?
- İnanın ki, koronavirus pandemiyasından sonra transfer etmək çətindir. Futbolçuların durumu qeyri-müəyyəndir. Axtarışlarımız gedir və mütləq transfer olmalıdır. Gənc futbolçularımız da var və 15-20 dəqiqə oynamaq onlar üçün faydalı olacaq. Yeni transferlərə ehtiyacımız olacaq.

- Bu gün qapıçı seçiminizdə əsas rol oynayan nə oldu və bu mövqeyə axtarışlarınız davam edirmi?
- Şahruddin uzun müddətdir komandadadır. Emil uzun müddət idi oynamırdı. Növbəti oyunlarda onu meydanda görə bilərik. Qapıçı axtarışımız davam edir. Hətta iki qapıçı ilə danışıqlar son mərhələdə baş tutmadı.

- Stadionun ot örtüyünün növbəti mərhələyə hazır olacağı dəqiq deyil. Növbəti oyunlarda ehtiyat meydançada oynamaq ehtimalınız var?
- Bəli, var. Bu oyundan əvvəl də UEFA-ya bildirmişik. İcazə versələr, növbəti oyunu "Azersun Arena"da oynaya bilərik. Amma bundan əvvəl də oyunlarımız olub ki, meydan bundan da pis idi. Biz UEFA-ya müraciət etmişik.

- Bu gün komandada ən çox kimin yoxluğunu hiss etdiz?
- Mənim üçün heç bir futbolçuyla ayrılmaq asan deyil. Xüsusilə də, uzun müddət bu komandada oynayan futbolçularla. Amma məcburuq ki, yeni liderlər əldə edək. Bu gün komandadan gedən futbolçuları meydanda görmək istəyərdim. Futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə komandanı tərk etməlidir. Amma ad çəkməyəcəm, elə futbolçular var ki, heç bir məşqçi onlarla ayrılmaq istəməz. (komanda.az)