"Yenidən "Qəbələ"də oynamaq istərdim, darıxmışam"
- 04 Apr 2020 17:18
- 880
"Hazırda İsraildəyəm. Vətənimə qayıda bilmirəm. Çünki həm burada, həm də ölkəmdə aeroportlar bağlıdır. Pandemiya başa çatandan sonra Nigeriyaya gedəcəyəm".
Rekord.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Ceyms Adeniyi deyib.
Hazırda icarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda çıxış edən nigeriyalı hücumçu koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyətdən söz açıb. 28 yaşlı forvardın sözlərinə görə, İsraildə durum getdikcə pisləşir: "İnsanlar evdə qalmaq istəmirlər. Hamı küçələrə çıxır".
Ailəsinə görə narahatlıq keçirən afrikalı futbolçu evdə qalaraq virusdan qorunmağa çalışdıqlarını söyləyib: "Həm ailəmə, həm də bütün insanlara görə qorxuram.
Xüsusilə də virusa yoluxanlar üçün narahatam. Özümüzə gəlincə, demək olar ki, küçəyə çıxmırıq. Formada qalmaq üçün şəxsi məşqçi tutmuşam".
Kiryat-Şmona təmsilçisi ilə müqaviləsi mayın sonunda başa çatacaq Adeniyi "Qəbələ"yə qayıtmaq istədiyini də diqqətə çatdırıb: "Qəbələ" ilə müqaviləm var.
Amma nəyin necə olacağını hələ bilmirəm. Klub rəhbərliyi ilə daim əlaqədəyəm. Yenidən Azərbaycanda oynamaq istərdim. Çünki bu çempionat üçün darıxmışam".
"Qəbələ"də çıxış etdiyi son mövsümdə səhhətində ciddi problem üzə çıxan təcrübəli hücumçu artıq özünü yaxşı hiss edir: "Səhhətimlə bağlı hər şey superdir. Heç bir problemim qalmayıb".
2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalayan Ceyms Adeniyi ötən mövsüm meydana çıxdığı 31 oyunda 12 qol vurub.