![photo](https://www.rekord.az/storage/uploads/4/anar2-4.jpg)
Yenilənmiş "Neftçi", risk zonası və Ramin Musayev nümunəsi
- 25 İyl 2023 10:00
- 880
"Neftçi" üçün yeni dönəmin başlandığını demək olar. İllərdi deyirik, "Neftçi"nin yeganə xilas yolu AFFA-nın (oxu Elxan Məmmədov) boyunduruğundan xilas olmaqdı. Çünki klub hər zaman tək sponsoru olan neft şirkətindən asılı olub, oradan idarə olunub, kənardan barmaq olmayıb. Uğur da olub, uğursuzluq da, amma klubun bir söz sahibi olub. Rövşən Nəcəfin gəlişindən sonra "azadlığa" böyük ümidlər var idi və bu da özünü doğurultdu. Düzdür, müəyyən qüvvələrin zəif də olsa, təsir gücü qalmaqdadır, amma yəqin ki, tədricən onlar da ofsayda salınacaq. Məsələ tək Kamran Quliyevlə bağlı deyil. Şəxsi fikirimi bilmək istəyirsinizsə, Quliyevi tam da bərbad idarəçi adlandırmazdım. Adam ən azı 7 illik fasilədən sonra kluba çempionluq qazandırdı. Bundan başqa 3 gümüş və 2 bürüncü var. Bunlar "Neftçi" üçün uğur sayılmır, amma futbol adına danışırıqsa, qeyd etməliyik. Uğursuzluqları ölkə kuboku və avrokuboklarla bağlı oldu. Onu da etiraf edək ki, adı prezident olsa da, əslində icraçı idi. Əsas qərarları təlimat üzrə verirdi. Bundan başqa, kənardan kluba müdaxilələr də var idi. İstənilən halda, o dönəmi bitmiş saymaq olar.
Yenilənmiş "Neftçi"dən nə gözləyək? Bəri başdan deyim ki, klub hazırda risk zonasındadır. Hər şey daha yaxşı da ola bilər, daha pis də. Hər halda, biz yaxşı olacağına ümid edək. Riks faktorları nədir? Mutu haqda daha əvvəl yazmışıq. İndiyə qədər heç bir nəticəsinin olmaması, xarakterində, rejimində olan problemlər və s. Rövşən Nəcəf futbola marağı olan şəxs olsa da, futbol idarəçiliyində yenidir. Amma hər zaman fikirim o olub ki, əsas şəxsin mütləq şəkildə futbol adamı olması önəmli deyil. Onun əsas işi maliyyəni buraxmaqdı. O maliyyəni idarə edəcək şəxslərin futbol adamlarl olması çox önəmlidir. "Neftçi"də bundan sonra bu işləri Fərrux Mahmudov görəcək, klubun yeni prezidenti, həm də baş icraçı direktoru. Futbol adamı deyil, ixtisasça iqtisadçıdır, mühasibat uçotu və audit təhsili alıb. Magistr təhsili isə biznesin idarə olunması və marketinq üzrə olub. Təhsildən sonrakı fəaliyyətinin də əsas hissəsi bu sahə üzrə olub, “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Yalnız 2022-ci ildə Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru təyin olunub. Yəni adamın dosyesində idmana bağlı yeganə məqam budur. Bu məqam da cəmi 1 ilə bağlıdır. Həyat karyerasının böyük hissəsi iqtisadiyyat və biznesə bağlı olan birinin "Neftçi" kimi köklü klubda nə dərəcədə baş çıxardacağı sual doğurur. Amma yenə də hər şeyi zamanın ixtiyarına buraxmaq lazımdır. Pozitiv məqam kimi Ramin Musayev nümunəsini göstərərdim. O da "Neftçi"yə gələndə elə Fərrux Mahmudov yaşlarında olardı. O da heç vaxt futbol idarəçiliyində çalışmamışdı, adamın bütün karyerası polis sistemi ilə bağlı idi. Amma "Neftçi"nin tarixindəki ən uğurlu idarəçilərdən biri oldu, komandaya çempionluq qazandırdı, "Birlik kuboku"na sahib oldu, ən əsası, "Pünik" zəfəri"nin əsas memarlarından oldu...
Anar XANLAROV