Yığma komandalarımız sabah avroliqada ilk oyunlarına çıxacaqlar
- 16 May 2024 10:57
- 264
Qızıl Avropa Liqasında çıxış edəcək Azərbaycanın voleybol üzrə yığma komandaları sabah mübarizəyə başlayacaq. "Rekord.az" xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışında 1-ci tur 17-19 may tarixlərində baş tutacaq.
Qadınlardan ibarət millimiz ilk turun oyunlarını Xorvatiyada keçirəcək. Komandamız mayın 17-də yerli vaxtla saat 19:00-da ev sahibi ilə üz-üzə gələcək. Millimiz növbəti oyununa mayın 18-də çıxacaq. Yerli vaxtla saat 15:00-da start götürəcək bu görüşdə rəqibimiz Slovakiya kollektivi olacaq. Birinci turun hakimləri sloveniyalı Bernard Valentar, belçikalı Marie-Boulanger və xorvatiyalı Boyan Bardiçdir.
Kişi millimiz isə ilk turun oyunlarını Azərbaycanda keçirəcək. Fərid Cəlalovun yetirmələri mayın 17-də Rumıniya yığması ilə üz-üzə gələcəklər. GİN-in Voleybol Mərkəzində baş tutacaq bu görüşün start fiti saat 18:00-da çalınacaq. Millimizin istirahət edəcəyi növbəti gün saat 18:00-da Ukrayna və Rumıniya kollektivləri qarşılaşacaqlar. Komandamızın doğma meydanda növbəti oyunu mayın 19-da olacaq. Saat 18:00-da başlayacaq həmin matçda rəqibimiz Ukrayna yığması olacaq. Paytaxtımızda təşkil olunan bu turun hakimləri serbiyalı Stanislava Simiç, polşalı Aqneşka Mixliç və həmyerlimiz Eldar Zülfüqarovdur.
Qeyd edək ki, Bakıda keçiriləcək oyunlar “CBC Sport” və “İdman TV” kanalları ilə canlı yayımlanacaq. Gin-nin Voleybol Məkəzindən təşkil olunacaq oyunlara giriş sərbəstdir.
Qızıl Avropa Liqası
Oyunların başlanma saatı yerli vaxtla göstərilib
I tur (Xorvatiya)
Qadınlar
17 may
19:00 Azərbaycan - Xorvatiya
18 may
15:00 Slovakiya - Azərbaycan
19 may
19:00 Xorvatiya - Slovakiya
I tur (Azərbaycan, GİN-in Voleybol Mərkəzi)
Kişilər
17 may
18:00 Rumıniya - Azərbaycan
18 may
18:00 Ukrayna - Rumıniya
19 may
18:00 Azərbaycan- Ukrayna