Yığmamız birinci dövrənin son oyununda da uduzdu
- 10 May 2021 15:52
- 978
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində 3-cü oyununu keçirib. "Rekord.az" xəbər verir ki, F qrupunda yer alan yığmamız Gürcüstanda keçirilən I dövrənin son matçında Yunanıstanla qarşılaşıb.
Pərviz Səmədovun rəhbərlik etdiyi komandamız üçün bu görüş uğursuz alınıb. Daha təcrübəlilərdən təşkil olunan və koronavirus pandemiyasında belə çempionat oyununu keçirən qrupumuzun lideri ardıcıl üçüncü qələbəsini əldə edib. Voleybolçularımız 0:3 (21:25, 19:25, 18:25) hesabı ilə uduzublar.
Qrupumuzda dövrəyə Gürcüstan Monteneqro matçı ilə yekun vurulub. Ev sahibləri yenə 0:3 hesabı ilə uduzublar.
Beləliklə, ilk dövrədən sonra aktivində 3 xalı olan yığmamız 3-cü pillədə qərarlaşıb. Lider Yunanıstan 8, ikinci dövrənin oyunlarına ev sahibliyi edəcək Monteneqro 7 xala sahibdir. Gürcüstan voleybolçularının hesabında isə nə set, nə də xal var.
Monteneqro II dövrənin oyunlarını mayın 14-16-da qəbul edəcək.
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si - 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.
AVRO-2021-in təsnifat mərhələsi
F qrupu
III tur
Yunanıstan – Azərbaycan 3:0 (25:21, 25:19, 25:18)