Yığmamız Macarıstanda təlim-məşq toplanışına başlayıb
- 16 Yan 2024 19:45
- 251
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Macarıstanın Tata şəhərində təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, hazırlıqda yığmamızla yanaşı, daha 20 komanda iştirak edir.
Bunlar Macarıstan, İtaliya, Yunanıstan, Litva, Norveç, İsveç, Almaniya, Polşa, Rumıniya, Çexiya, Qazaxıstan, Qırğızıstan, ABŞ, Kanada, Çin, Xorvatiya, Moldova, Çili, Meksika və Ekvador yığmalarıdır.
Yanvarın 27-dək davam edəcək hazırlıq prosesinə böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Əsmər Cankurtaran (53 kq), Gültəkin Şirinova (55 kq), Alyona Kolesnik, Ruzanna Məmmədova (hər ikisi 59 kq), Birgül Soltanova, Günay Qurbanova (hər ikisi 62 kq) cəlb olunublar.
Elnurə Məmmədova (53 kq) zədələndiyi üçün hazırlıq prosesindən kənarda qalıb. Jalə Əliyeva (57 kq) və Elis Manolova (68 kq) isə baş məşqçi Semyon Çterevin nəzarətində Bolqarıstanın Belmeken şəhərində toplanış keçirlər.
Qeyd edək ki, təlim-məşq toplanışı Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.