Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb. 

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin daha 4 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.

Yığma üzvlərindən Tural Sarıyev (48 kq) Padraiq Dovneylə (İrlandiya) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:27, 30:26, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Muşeq Bayanduryanla (Rusiya) döyüşəcək.

Nicat Hüseynov (51 kq) da növbəti qələbəsini qazanıb. Avropa çempionumuz bu dəfə italiyalı Fares Al-Assini mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:25, 30:27). Hüseynov finala gedən yolda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirəcək.

57 kq çəkidə Əzrək Bəbirov 1/4 finalda irlandiyalı Pears Keri ilə qarşılaşıb. Döyüş yığma üzvünün 5:0 (28:27, 29:26, 29:26, 29:26, 29:26) hesablı qələbəsi ilə başa çatıb. Bəbirov növbəti görüşündə Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gələcək.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev (80 kq) Delil Dadayevi (Almaniya) sınağa çəkib. Döyüş həmyerlimizin 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinalda fransalı Yojerlin Sesarla gücünü yoxlayacaq.

Bununla da yarımfinala vəsiqə qazanan və özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 5-ə yüksəlib. Daha öncə Marjona Savriyeva (50 kq) da bu hüquqa yiyələnib.

Digər boksçularımızdan Ruslan Qədirovla (54 kq) Maqsud Xasmetov (60 kq) isə medalın 1 addımlığında – 1/4 finalda məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək.