Türkiyədə qadın voleybolçuların çempionatında növbəti qarşılaşmalar keçirilib. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin üzvləri Ayşən Abduləzimova və Nikalina Başnakovanın şərəfini qoruduqları "Sarıyer BLD" 30-cu turda "Beşiktaş"la üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş "Sarıyer BLD" üçün yaxşı başlayıb. Oyunun əvvəlindən təşəbbüsə yiyələnən voleybolçularımızın komandası üstünlüyünü sonadək qoruyub. 3 set davam edən matçda meydan sahibləri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:14, 25:9, 25:9).

"Sarıyer BLD"nin çətinlik çəkmədən qalib gəldiyi oyunda blokçumuz Ayşən Abduləzimova 7 dəfə fərqlənib. O, xallardan 6-nı hücumda, 1-ni isə eyslə qazanıb. Hücumçumuz Nikalina Başnakova isə əvəzetmə ilə meydana çıxıb və 6 xal qazanıb. O, qonaqları 4 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.