Yığmamızın üzvü bu mövsümdə daha bir medal qazandı
- 17 May 2023 14:03
- 410
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu Rusiya birinciliyinin "A" Yüksək Liqasında mübarizə aparıb.
Komanda son qarşılaşmada "Lokomotiv-2" kollektivi ilə üz-üzə gəlib. Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi "A" Yüksək Liqanın gümüş medalına sahib çıxıb.
Yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.
Qeyd edək ki, bu, voleybolçumuzun mövsüm ərzində qazandığı ikinci mükafatdır. Belə ki, mövsümə Çin çempionatında başlayan Kirilyuk "Shenzhen" klubu ilə bu yarışın bürünc medalına sahib çıxıb. Çin birinciliyi daha tez başa çatdığından blokçumuz mövsümə Rusiya klubunda davam edib.