Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yarışın ilkin mərhələsində uğurla çıxış edərək qrup mərhələsinə yüksəlib.

Macarıstan təmsilçisi ilkin mərhələsinin 3-cü turunda Albaniyanın "Partizani" kollektivi ilə qarşılaşıb. Cütün ilk görüçündə olduğu kimi Albaniyada baş tutan cavab oyununda da "Vasas" quru hesablı qələbəni bayram edib - 3:0 (25:19, 25:17, 25:16).

Komandasının qitənin ən nüfuzlu turnirinin qrup mərhələsinə adladığı görüşdə yığmaızın üzvü iki hissədə oynayıb. Abduləzimova meydanda olduğu müddətdə 8 xal qazanıb. Voleybolçumuz meydan sahiblərini 5 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.

Qeyd edək ki, "Vasas" Çempionlar Liqasının D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri İtaliyanın "Conegliano", Fransanın "Nantes" və Rumıniyanın "Alba Blaj" kollektivləridir. Ayşən və rəfiqələri ilk görüşlərini noyabrın 19-da İtaliyada "Conegliano"ya qarşı keçirəcəklər.