Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
- 10:19
- 30
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, təcrübəli oyunqurucumuzun formasını geyindiyi "Yenisey" 18-ci turda "Dinamo-Metar" klubu il üz-üzə gəlib.
Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. Kristina və rəfiqələri 4 hissə davam edən matçda 3:1 (26:24, 22:25, 25:16, 25:16) hesabı ilə qələbə qazanıblar.
Komandasının üç xal əldə etdiyi qarşılaşmada yığmamızın üzvü 4 dəfə fərqlənib. Toppaylayıcımız meydan sahiblərini 2 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.
Qeyd edək ki, "Yenisey" 10 xalla turnir cədvəlində 13-cü pillədədir.