Yığmanın meneceri postundan göndərildi?
- 16 Fev 2020 14:00
- 823
AFFA yeni baş məşqçi tapmadan əsas millinin rəhbərliyində dəyişiklik edib.
Rekord.az xəbər verir ki, Zaur Hacı-Məhərəmov yığmanın meneceri postundan kənarlaşdırılıb.
Böyük ehtimalla, ona federasiyada başqa bir vəzifə tapşırılacaq. Belə götürəndə, buna ehtiyacı da yoxdur. Zatən, bir neçə yerdə işləyir.
UEFA nümayəndəsi kimi avrokuboklara təyinat almaqla yanaşı, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti postunu tutur.
O, Elxan Məmmədovun milli komandalar üzrə «kassir»i kimi tanınır. Yığmalara ayrılan pul əksər hallarda Hacı-Məhərrəmovun əlinin altından gəlib keçib.
Ənənəvi illik hesabatlardan görünür ki, AFFA SOCAR-dan ayrılan büdcənin təxminən 10-12 milyon manatını millilərə istiqamətləndirir.
Elxan Məmmədov inanmadığı şəxsi bu qədər qabağa çəkməz. Həm də ona görə yox ki, onları bir-birinə qohumluq əlaqələrinin bağlaması barədə danışanlar çoxdur.
Bu, öz yerində. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olan şəxs belə şeylərə bir o qədər önəm vermir. Onun üçün vacib olan etimad göstərdiyi kadrın «hulqum»lu olub-olmaması, bir də nəyəsə iddia etməməsidir.
Hacı-Məhərrəmov bu mənada Məmmədovun əksər adamlarından fərqlənir. Odur ki, Elxan bəy yeri gələndə onun qəza keçirmiş avtomobilini öz hesabına təmir elətdirməyi özünə rəva görür. (sportinfo.az)