Biz hamımız Mahir Emreli üçün həyəcan keçiririk, onun karyerasının gələcəyinin necə olacağını düşünürük. “Legiya”da onun üçün hər şey əla başlamışdı. Hətta gözlədiyimizdən daha yaxşı. Qollarını sıralayır, yeni komandasını qələbələrə daşıyırdı. Təkcə “Legiya”nın sosial şəbəkələrdəki səhifələrini yox, Moskva küçələrindəki sifarişli reklam löhvələrini belə həmyerlimizin şəkilləri bəzəyirdi. Baxırdıq, sevinirdik və fəxr edirdik. Çox təəssüf ki, davamı gəlmədi.


Onun uğurları ilə necə fəxr edirdiksə, başına gələn son hadisələrə görə də elə üzülürük. Görünən odu ki, futbolçunun özü və ailə üzvləri bu həyəcandan uzaqdı. Bakıya qayıdan Mahir hava limanından şəkil paylaşıb və həmin şəklin üzərində ailəsinə öncəlik verdiyini yazıb. Anası Elnarə xanım yeni il üçün bəzədiyi şam ağacını izləyicilərinə göstərib. Həmin şam ağacının üzərindəki bəzəklər isə Mahirin indiyə qədər qazandığı medallardı. Ən üstdə isə Bakıda keçirilən İslan Oyunlarının qızıl medalı yer almışdı. Ümid edək ki, gələcəkdə bu qənimətlərin sayı artacaq və üstdə hansısa sanballı çempionatın, yaxud da avrokubokların birinin qızıl medalı asılacaq. 


Hələliksə, bütün bunlar bizim arzumuzdu. İndiyə qədər xaricdən Azərbaycana əli ətəyindən uzun qayıdan futbolçularımızın əksəriyyəti “ailəm üçün darıxdım, evdən uzaq yaşaya bilmədim” deyirdi. Mahirin sosial şəbəkədəki məlum paylaşımı həmin bəhanələri yenidən xatırlatdı, bir qədər də aktuallaşdırdı. Olmaya, Emreli də Bakıdan uzaqda yaşamağa çətinlik çəkdi və ailəsi ilə birlikdə paytaxtımızdakı isti ocağa qayıtmağa qərar verdi? Kaş ki, bu ehtimallar özünü doğrultmayaydı. Çünki Mahirə fərqli gözlə baxır, ondan daha artığını gözləyirik. Özü də, anası da hər açıqlamasında bu variantı istisna edib, bizi Mahirin legioner olmaq üçün “bişdiyinə” inandırıblar.


Bəli, “Legiya”nın son nəticələri çox bərbaddı. Polşanın böyük klublarından biri sayılan, ötən mövsüm çempion olan bir komanda üçün hazırkı vəziyyət heç də yaxşı deyil. Üstəlik, Avropa Liqasının qrup mərhələsinə əla başlayan, ilk iki oyunda 6 xal toplayan komanda bunun davamını gətirə bilmədi. “Spartak”la sonuncu oyundakı penalti vuruşu zamanı yaşananlar isə heyətdəki psixoloji problemlərin, futbolçularda özünəinamın azalmasının göstəricisi idi. Şübhəsiz ki, Mahir də kollektivin bir parçası kimi bundan əziyyət çəkir. Heç bir uğursuzluq azarkeşlərin aqressiv davranışına, klubun avtobusuna daxil olub futbolçulara hücum çəkməsinə haqq qazandıra bilməz.


Çox təəssüf ki, “Legiya”nın düşərgəsində bütün bunlar yaşanır və rəhbərlik həmin hadisələrə yetərincə ciddi reaksiya verib, futbolçularına sahib çıxa bilmir. Bu baxımdan Mahirin “Legiya”dan küsməyə haqqı da var. Amma unutmaq lazım deyil ki, Emreli həm də peşəkar futbolçudu, klubla müqaviləsi var. Klub onun qarşısında necə məsuliyyət daşıyırsa, o da klubun qarşısında öz üzərinə öhdəçilik götürüb. Bütün bunların fonunda fasilə başlamamış düşərgəni tərk edib, Bakıya gəlmək və “öncə ailəm gəlir” sözlərini nümayişkaranə surətdə yazmaq heç də xeyrə əlamət deyil. Mahir “Legiya” ilə yollarını ayırmağa qərar veribsə belə, bunu daha sakit şəkildə etmək lazımdı. Unutmaq lazım deyil ki, onu heyətinə qatmaq istəyən klublar da prosesləri diqqətlə izləyir və Mahirin futbolçu kimi keyfiyyətləriylə yanaşı bir peşəkar kimi davranışlarına da diqqət yetirirlər.


Yolayrıcında qalarkən kobud səhvə yol vermək olmaz, Mahir. Təkcə özünə görə yox, Azərbaycan futbolu üçün daha diqqətli olmaqda fayda var!