Yubileyini qeyd edən məşqçi: “Ümid edirik ki, karantin rejimi başa çatacaq”
- 08 Apr 2020 20:30
- 671
60 yaşını qeyd edən “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə yubileyi münasibətilə klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, əvvəllər oyunçu kimi Azərbaycan futboluna xidmət edən təcrübəli mütəxəssis hazırda məşqçi qismində futbolumuzun inkişafına çalışır.
Məşqçini eşidək: “Təbriklərə görə, hamıya minnətdaram. Həmkarlar, dostlar, jurnalistlər diqqət göstərərək təbrik ediblər. 60 yaş nə azdı, nə də ki, çox (gülür). Amma fakt odu ki, 60 yaşımız tamam olur. Futbol həyatı bir göz qırpımında gəlib keçir. Oynadığım dövrlər yada düşür. Hərdən köhnə kadrlara baxıb yada salırsan. Məşqçilik həyatı tamam başqadı. Futbol kollektiv idman növü olsa da, oyunçu ən çox öz oyununa cavabdehdi. Lakin məşqçi bütün komandaya görə məsuliyyət daşıyır. Nəticə birbaşa məşqçinin üzərindədi”.
Koronavius pandemiyası həyatın bütün sahələrinə təsir etdiyi kimi Yaşar Vahabzadənin 60 illik yubileyi ilə bağlı arzularından yan ötməyib: “Təmtəraqlı ad günü keçirməyi sevmirəm. Hər halda məlum hadisələr baş verməsəydi, yaxın dostlarla, yoldaşlarla bir yerə yığışıb məclis təşkil edəcəkdik. Qismət belə oldu. Bu gün karantin rejimindəyik. Evdə qalmalıyıq, qaydalara riayət etməliyik. Hazırda ön planda budu”.
Çempionatın dayandırılması bütün komandaları məşqsiz qoyub. Futbolçular, məşqçilər ümumiyyətlə, bu sahədə çalışanlar evdə qalmağa məcbur olub: “Evdə qalıb neyləyirik? Televizora baxırıq, indi internet dövrüdü. İdmanla məşğul oluruq. Öz sahəmizlə bağlı müəyyən işlər görürük. Ümid edirik ki, bu yaxın vaxtlarda karantin rejimi başa çatacaq. Məşqlərə başlayacağıq, çempionat bərpa olunacaq”.