Yük altından çıxa bilməyən "Zirə"
- 10:22
- 35
"Zirə"də eniş var. Komanda son 7 turda cəmi 5 xal toplayıb. Yeganə qələbə "Şamaxı" üzərindədi, daha üst pillədə olan "Turan Tovuz", "Araz-Naxçıvan" və "Qarabağ"a məğlub olublar. Xoş olmayan statistikadı. Üstəlik, avrokubok zonasında olsalar da, ona çox yaxın olduqlarını demək də olmaz. Vəziyyət yaxşı deyil.
Desək ki, futbol oynamırlar, qapıya oturub nəticə qazanmağa çalışırlar, düz olmaz. Ötən mövsümün əvvəlindəki risksiz, maksimum praqmatik oynayan "Zirə" yoxdu, daha hücumameylli, daha fəal oynamağa çalışan "Zirə" var. Rəşad Sadıqov komandasını transformasiya eləməyə çalışır, həm ötən mövsümün sonu, həm yayda avrokuboklarda, həm də bu mövsümün əvvəlində bunu görə bildik. Komanda həm Avropada, həm daxili çempionatda böyükhesablı qələbələr qazana bilir, digər matçlarda isə buna çox yaxın olurdu. Ortada nəticə də vardı.
Vardı. İndi yoxdu. Həmin futbolçular, həmin məşqçi, həmin komandadı. Bəs nə dəyişib? Xüsusi heç nə dəyişməyib, sadəcə komanda "yanıb". Mövsümə hamıdan əvvəl başlayan və faktiki əlavə bir dövrə (8 avrokubok matçı) keçirən "qartallar" ilk öncə fiziki yorğunluğu üzərilərindən tam ata bilmirlər. Bunun üstünə ictimai təzyiqi də gəlməliyik. Əminliklə söyləmək olar ki, avrokuboklardakı uğurlu çıxışı komanda özü də gözləmirdi. Qələbələrin gətirdiyi emosional yüklənmə, futbolsevərlərin artan gözləntilərinin də yaratdığı təkan bir müddət müsbət effekt versə də, sərf olunan enerjinin çoxluğu işi tərsə apardı. Artıq görürük ki, bu heyət iki cəbhədə bərabər mübarizə aparmağa, gücünü bütün ilə yaymağa qadir deyil (ölkədə bunun edə bilən cəmi bir komanda var, adını da hamımız bilirik). Artan zədələr də öz sözünü deyir, komandanın ehtiyat qüvvəsi azalır, Rəşad Sadıqovun oyuna müdaxilə imkanları minimuma enir. Belə olan halda riskə getmək lazım olur ki, o da az halda uğura gətirir. Nəticədə hazırkı durum yaranır, gözlənilənlər olmur, "işıqlı gələcəyə" inam azalır.
Nə etməli? Qısamüddətli plan əldə olan resursları mobilizasiya edərək qış fasiləsinə qədər keçiriləcək matçlarda maksimum xal yığmaqdı. Rəqiblər də münasibdi: autsayderlər "Sumqayıt", "Kəpəz", "Səbail" və ən yaxın olduğu "Turan Tovuz". Prinsipcə, bu qarşılaşmalarda yaxşı xal toplamaq, həm turnir cədvəlindəki, həm də ümumi motivasiyanı düzəltmək, toparlanmaq olar, qeyri-mümkün bir iş də deyil. Sonra isə heyət gücləndirilməlidi. "Araz-Naxçıvan" nümunəsi göstərir ki, Azərbaycan çempionatında şərait, infrastruktur və s. heç nəyi həll eləmir. Rusların "кадры решают всё", yəni kadrlar hər şeyi həll edir misalı ön plandadı. Yaxşı futbolçun varsa, asfaltın üstündə də məşq eləsələr də, nəticə gələcək. "Zirə" də heyəti gücləndirməli, oyun həll edəcək kadrlar gətirməlidi. Əks halda, uğurlu başlayan mövsüm uğursuz başa çatacaq.