Yüksək Liqada növbəti oyun keçirilib
- 10 Yan 2020 20:31
- 994
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında I dövrənin növbəti oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, “MOİK” komandası “Murov”la qarşılaşıb.
Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşdə ilk hissə 26:24 hesabı ilə “Murov” klubunun xeyrinə başa çatıb. İlk hissədəki gərgin mübarizədən sonra Eldar Əliyevin yetirmələri ikinci setdə 25:23 hesabı qalib gələrək, hesabı bərabərləşdiriblər - 1:1.
III hissə də "hərbiçilər"in üstünlüyü ilə sona çatıb və “MOİK” 26:24 hesabı ilə qalib gəlib. IV setdə oyununda dönüş yaradan “Murov” 25:20 hesabı ilə status-kvonu bərpa edib - 2:2. Nəticədə görüşün taleyinə tay-brekdə aydınlıq gəlib. Bu dəfə daha səhvsiz oynayan "Murov" 15:10 hesabı ilə qalib gəlib (3:2). Bu, onların ilk qələbəsi olub.
Məğlub olan “MOİK” isə aktivinə 1 xal əlavə etməklə, turnir cədvəlində liderliyə yüksəlib. Bu da onların rəqibləri ilə müqayisədə iki matç keçirməsi ilə bağlıdır.
Qeyde edək ki, bu oyunlaradək “Neftçi” “Murov”a, “MOİK” “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib.