Yüksək Liqada növbəti oyun keçirilib
- 03 Dek 2023 02:12
- 279
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan görüşdə “Neftçi” və “Xarı Bülbül Şuşa” klubları üz-üzə gəliblər.
Ölkəmizi avrokubokda təmsil etmiş “Xarı Bülbül Şuşa” çempionatdakı ilk qarşılaşmasına yaxşı başlayıb və birinci seti 25:21 hesabı ilə aktivinə yazıb. Gərgin keçən ikinci hissədə isə “Neftçi” 27:25 hesabı ilə üstün olub. Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri də qalib başa vurub - 25:15, 25:18. Beləliklə, “Xarı Bülbül Şuşa” 3:1 hesablı qələbə ilə həm də çempionatda ilk xallarını qazanıb.
Qeyd edək ki, turnir cədvəlinə 8 xalla “AZERRAIL” başçılıq edir. “Murov Az Terminal” 5 xalla ikinci, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül Laçın” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. 3 xalı olan “Xarı Bülbül Şuşa” 5-ci, keçirdiyi bütün oyunlarda məğlub olan MOİK isə sonuncu pillədə qərarlaşıb.
Yüksək Liqa
2 dekabr
“Neftçi” - “Xarı Bülbül Şuşa” 1:3 (21:25, 27:25, 15:25, 18:25)