Pandemiyanın ölkə büdcəsinə vurduğu zərərin futboldan da yan keçməyəcəyini və bu səbəbdən bütün idman növlərində çalışan əcnəbilərlə növbəli prinsiplə yolların ayrılacağını xəbər vermişdik.

Gördüyünüz kimi, artıq bu yolla gedilir.

Uzun illərdi ölkəmizdəki stadionların ot örtüyünə nəzarət edən Filip Şarples bir neçə gün əvvəl vətəni İngiltərəyə yollandısa, ona qədər “Neftçi” futbol akademiyasının rəhbəri Mik Benet vəzifəsini tərk etmişdi.

Sportinfo.az xəbər verir ki, nəhayət, növbə Bernard Lippertə də çatdı. 2008-ci ildən bu yana AFFA ilə əməkdaşlıq edən, vaxtilə U-21-ə rəhbərlik edən, uzun illərdi assosiasiyada texniki direktor vəzifəsini tutan alman mütəxəssisə qapını göstərmək zamanı çatdı.

Qurumun rəsmi saytının yaydığı məlumatda Lippertlə bu il iyunun 30-da başa çatan müqavilənin uzadılmadığı göstərilib. Ölkəmizdə uzun müddət çalışan əcnəbi kimi rekorda imza atan alman mütəxəssis Azərbaycandakı pullardan uzaq düşdüyünə görə AFFA rəhbərliyini yox, koronavirusu qınamalıdı.

Çünki pandemiya olmasaydı, Elxan Məmmədov sadiq dostu ilə yeni anlaşma imzalamaqda maraqlı olacaq və hər dəfə olduğu kimi istəyinə çatacaqdı.

Sadəcə, bu dəfə “yuxarılar”ın “göndərin, getsin” tapşırığı qarşısında sağa-sola burula bilmədi. İllərdi sənin-mənim pulumu Almaniyaya daşıyan, stadionlara yalnız futbolu tamaşa etməyə gələn, Azərbaycan futbolunun inkişafına zərrə qədər də fayda verməyən birinin gedişinə gec də olsa, sevinməyin özü də böyük işdi.

İlin sonuna qədər başqalarının – Joze Alesio da Sila, Miloş Velebit, Milan Obradoviçin yola salınacağı da dəqiqdi. Lippertlə vida müsahibəsi yerinə düşərdi. 12 ildə yığılıb qalan o qədər sual var idi ki...

Artıq vətəni Almaniyada olan 58 yaşlı mütəxəssisi “vatsap” vasitəsi ilə tapmaq mümkün olsa da, adam danışmaqdan boyun qaçırdı. Azərbaycandakı ilk illərində “müsahibə verməkdən bezməyən birinin indi “küçənin o başından keçməsi” başadüşüləndi.

Dəstəyi qaldırıb nə desin? 12 ildə gördüyü hansı işdən danışsın? “Qazandığınız pulların qarşılığında futbolumuza nə verdiz” sualına nə cavab versin? Ona görə də ən yaxşısı patronların tapşırığını yerinə yetirib susmaqdı. Berti Foqts, Oliver Pilzer, Bernard Raab... Biri də Lippert olsun.

Onun boşaltdığı post Cahangir Həsənzadəyə tapşırılıb. Lakin müvəqqəti. Yığmamızın sabiq qapıçısı, faktiki Kütləvi Futbol Departamentinin rəisi olan Həsənzadə qeyri-müəyyən müddətdə texniki direktor səlahiyyətlərini icra edəcək. Nə vaxta qədər – bu sual hələ ki cavabsızdı.

Yeni təyinatla bağlı Cahangir bəyin fikirlərini dinləmək maraqlı olardı: “Təbrikə görə təşəkküt edirəm. Müvəqqəti iş olsa da, uğurdu. AFFA-nın birinci vitse-prezidenti Elxan Məmmədov zəng vurub belə bir işi müvəqqəti mənə tapşırmaq istədiyini bildirdi. Razılaşdım.

Rəhbərliyin etimadını doğrultmaq üçün bacardığımın ən yaxşısını edəcəm. Karantin dönəmidi deyə, işə çıxmırıq. Buna baxmayaraq, bu zaman kəsiyində təlimatlar və sənədlər ilə tanış olmalıyam. Üzərimə hansı öhdəliklərin düşəcəyini tam deyə bilməyəcəm.

Bunun üçün rəhbərliklə üzbəüz danışmalıyıq. Hər bir işin başlanğıcında çətinlik deməzdim, məsuliyyət öz sözünü deyir. İndiyə qədər bu istiqamətdə bəlli yol qət etdiyimi düşünürəm. Ona görə də hansısa çətinliklərlə üzləşəcəyimi düşünmürəm.

Bernard Lippertlə münasibətlərimiz qaydasındadı. Uzun illər AFFA-nın texniki direktoru olub, bu sahədə böyük təcrübəsi var. Ona görə də hansısa məqamlarda məsləhətləri mənə lazım olacaq. Ehtiyac duyacağım təqdirdə, təbii ki, əlaqə saxlayıb soruşacam. Hər ikimiz ingilis dilində bilirik deyə, ünsiyyət problemi olmayacaq”.

Lipeprt hələ texniki direktor vəzifəsini icra edəndə Yunis Hüseynov ona köməkçi təyin olunmuşdu. Uzun zamanı əhatə etməsə də, bir müddət birlikdə çalışdılar. Odu ki, almanın gedişindən sonra Yunis bəyin həmin posta təyin olunacağı ehtimalı vardı.

Lakin ötənlərin məşhur “7 nömrəsi”nin kabinetə, qələm-dəftərə yox, yaşıl meydanlara bağlı olduğunu göz önünə gətirəndə “niyə Hüseynov yox, Həsənzadə” sualının cavabı məlum olur. Elə özü də texniki direktor postunda gözünün olmadığını dedi:

“Açığı, Bernard Lippertin müqavilə müddətinin başa çatmaq üzrə olduğunu bilirdim. Amma anlaşmanın yenilənməyəcəyindən xəbərsiz idim. Ona görə də gedişi mənim üçün gözlənilməz oldu. Həmin posta Cahangir Həsənzadənin müvəqqəti də olsa, təyin olunmasına sevindim.

Cahangir neçə ildi AFFA-da işləyir, Lippertin gördüyü və görməli olduğu işlərə bələddi. Özü də bacarıqlı insandı, fəaliyyətində uğurlar arzulayıram. İnşallah, əl-ələ verib çalışarıq. O ki qaldı özümə, nə yalan deyim, hələ ki özümü kabinetdə, sənəd-sünədin arasında təsəvvür etmirəm.

Bu dəqiqə aktiv fəaliyyətlə məşğul olmaq istəyirəm. Stadiona gedim, oyunlara baxım, təhlil edib, buna uyğun hesabat hazırlayım – indi belə şeylərə həvəsim var. Belə deyim, mən stadion, yaşıl meydan adamıyam. İnşallah,

Allah ömür verər, 60-65 yaşa çataram, hə, ondan sonra gücüm olmasa, təcrübəmdən oturaq həyatda yararlanaram. Yenə deyirəm, Cahangirin təyinatına sevindim və ona uğurlar arzulayıram” (Futbol+).