Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”
- 15 Noy 2019 19:52
- 805
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsində Uelslə qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, xorvatiyalı mütəxəssis matçla bağlı bunları deyib:
- 5 gündür toplanışdayıq. Əhval-ruhiyyə yaxşıdır. Macarlarla oyunda da belə idi. O oyundakı kimi bu dəfə də zədəlilərimiz var. Maksim Medvedevin oynanaq ehtimalı azdır. Rüfət Dadaşov, Mahir Emreli zədə səbəbindən yoxdur. Eddi İsrafilov bizə qoşula bilmədi. Oyunlarımızda müəyyən qədər bəxtimiz də gətirməyib. Ümid edirik ki, qarşıdakı oyunlarda yaxşı nəticə qazanacağıq.
- Heyətə yeni qoşulanlar əvvəlki oyunçuları əvəz edə biləcəkmi?
- Hazırda problemli oyunçularımız əsas heyətdə olanlardır. Onları əvəz etmək asan deyil. Ancaq inanıram ki, onların yerinə gələnlər bunu bacaracaq.
- Sabahkı oyunda nəyə ümid edirsiz ki, bu, sizə qələbə qazandıra bilər?
- Ümidli edən son 4 oyunun təhlilidir. Uelslə oyunda 85 dəqiqə 1 xala oynadıq. Son dəqiqələrdə xal itirdik. Xorvatiya ilə oyunda xal qazana bildik. Macarıstanla matçda son 15 20 dəqiqədə qol vura bilərdik. Ancaq bütün dünya da gördü ki, hakim bizim xalımızı oğurladı. Bəhreynlə oyunda uşaqlar çox isti olsa da, qələbə qazandılar. Bunlar bizim gələcək oyunlara ümidlə baxmağımıza gətirib çıxarır.
- Heyəti nə üçün oyundan əvvəl açıqlamırsız?
- Ümumi götürsək, burda bir sirri saxlamaq kimi niyyətim yoxdur. Sadəcə, qeyri-müəyyənlik var. Məsələn, Maksimin oynayacağını hələ bilmirik, son məşqdən sonra bilinəcək. Tam heyəti açıqlamasam da, 9 nəfəri deyirəm.
- Cavid Hüseynovun millidə olması birmənalı qarşılanmır. Klubunda da yaxşı çıxış etmir...
- Cavid son oyunlarda bir neçə dəqiqə oynayıb və kömək edib. Kimin nə vəziyyətdə olması ilə bağlı məlumatlanıram. Bura çağırılan oyunçuların hamısı komandalarında əsas heyətdə oynamır. Rəşad Eyubovu çağıra bilmədik, Eddidə problem yarandı. Yeni oyunçular çağırmaq bizim üçün də asan deyil. Cavidin böyük təcrübəsi var və ən azı 30 dəqiqə meydanda komandaya kömək edə bilər.
- Slavik Alxasovun kənarda qalması nəylə bağlıdır?
- Slavik yaxşı oyunçudur, yüksək xarakteri var. Onun bəxtinin gətirməməsinin səbəblərindən biri də bu mövqedə Anton, Təmkin, Şəhriyar kimi oyunçuların olmasıdı. İndi çağırılmırsa, o demək deyil ki, millinin qapıları üzünə bağlıdır. Bəlkə də, gələcəkdə onu millidə görə bilərik.
- Hücumun sağ cinahına konkret kimi düşünürsüz?
- Cinah yarımmüdafiəçinin sağ və ya sol olması böyük fərq etmir. Məsələn, Ağabala Ramazanov cinahda da oynaya bilir, mərkəzdə də. Sabah kimin əsas heyətdə meydana çıxacağını görəcəyik. Digər tərəfdən də bir oyunçunun meydana çıxması tək hücumda nə verəcəyi ilə bağlı deyil. Müdafiəyə də kömək etməlidir. Uelsin sağ cinahı güclüdür. Onun da qarşısını almalıyıq. Beyl kimi oyunçuları gərək iki nəfər tutsun.
- Sabah Elvin Camalov və Vüsal İsgəndərlidən hansını meydanda görə bilərik?
- Ola bilər ki, hər ikisi də olsun və ya heç biri olmasın. Onların məşqdə göstərdiyi performansdan məmnunam. Vüsal da pozitiv oyunçudur. Rəqibləri narahat edəcək bir tipdir. Hər halda inanıram ki, bu iki oyunda meydanda olmasalar belə, millinin gələcək oyunçularıdır. (komanda.az)