Yusif dünya ikincisi oldu, Elnar bürünc medal qazandı
- 01 Avq 2023 23:57
- 331
Türkiyənin İstanbul şəhərində U-17 dünya çempionatına start verilib.
Rekord.az xəbər verir ki, ilk 2 gündən sonra yunan-Roma güləşi üzrə 5 çəkidə qaliblər müəyyənləşib.
Elnar Ziyadov (48 kq) gürcüstanlı Yuri Çapidzeyə tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlsə də, iranlı Payam Balutakiyə 2:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ziyadov bu gün təsəlliverici görüşə çıxıb və belaruslu Maksim Bradyaka heç bir şans tanımayıb - 10:0. Elnar bürünc medal uğrunda rusiyalı Murat Xatitlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub - 5:4.
Bu ay U-15 Avropa çempionatının qalibi olan Yusif Əhmədlinin (65 kq) yuxarı yaş kateqoriyasında debütü uğurlu alınıb. Pəhləvanımız amerikalı Vilyam Qrinvud (8:0), yunanıstanlı Atanasios Eftimiadis (8:0), moldovalı Oktavyan Kernetki (15:6) və özbəkistanlı İslambek Kərimcanovu (12:4) vaxtından əvvəl məyus edərək adını finala yazdırıb. Əhmədli həlledici görüşdə rusiyalı Zaur Beslekoyevlə qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan Yusif gümüş medalla kifayətlənib.
Elmin Əliyev (80 kq) özbəkistanlı Bekmurad Rüstəmovu 3:1 hesabıyla üstələsə də, 1/4 finalda rusiyalı Mixail Şkarinə məğlub olub - 3:4. Rəqib finaladək irəlilədiyi üçün Əliyev təsəlliverici görüşdə ermənistanlı Erik Matevosyanla üz-üzə gəlib və bu görüşdə də uduzub - 4:8.