Yusif Dursunov dünya çempionatının finalında
- 05 Avq 2023 01:50
- 328
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.
Bəşir Verdiyev (48 kq) 1/8 finalda özbəkistanlı Abdumalik Caloldinova 5:8 hesabıyla məğlub olub.
Əli Əliyev (55 kq) Cənubi Afrika təmsilçisi Rohan Du Plessisə tam üstünlüklə (12:0) qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə ermənistanlı Samvel Gevorqyana 7:11 hesabıyla uduzub.
Mirzəağa Axundov (65 kq) belaruslu Aleksandr Kambayevə tam üstünlüklə (16:5), moldovalı Katalin Spinuya isə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gəlib. Ancaq 1/4 finalda iranlı Sina Xəliliyə 2:11 hesabıyla məğlub olub. Axundov təsəlliverici görüşdə Samuel Sedlak (Slovakiya) – Vladimir Azaryan (Ermənistan) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.
İsmayıl Əsədli (80 kq) 1/8 finalda ermənistanlı Razmik Yepremyana "tuş"la qalib gəlsə də, daha sonra moldovalı Aleksandru Borsa uduzub - 1:3. Əsədli təsəlliverici görüşdə israilli Daniel Simonyanla güləşəcək.
Yusif Dursunov (110 kq) özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Avropa çempionumuz daha sonra gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib - 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı da 6:2 hesabıyla üstələyərək adını finala yazdırıb. Dursunov həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşacaq.