Yusif Dursunov dünya çempionu oldu
- 05 Avq 2023 22:13
- 341
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə mübarizədə ilk qaliblər müəyyənləşib.
Mirzəağa Axundov (65 kq) belaruslu Aleksandr Kambayevə tam üstünlüklə (16:5), moldovalı Katalin Spinuya isə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gəlib. Ancaq 1/4 finalda iranlı Sina Xəliliyə 2:11 hesabıyla məğlub olub. Axundov təsəlliverici görüşdə ermənistanlı Vladimir Azaryanla bacarmayıb - 5:16.
İsmayıl Əsədli (80 kq) 1/8 finalda ermənistanlı Razmik Yepremyana "tuş"la qalib gəlsə də, daha sonra moldovalı Aleksandru Borsa uduzub - 1:3. Əsədli təsəlliverici görüşdə macarıstanlı Adam Mijeyi mübarizədən kənarlaşdırıb - 2:0. Ancaq bürünc medal uğrunda qarşılaşmada amerikalı Zakari Rayderə müqavimət göstərə bilməyib - 2:12.
Yusif Dursunov (110 kq) özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Avropa çempionumuz daha sonra gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib - 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı da 6:2 hesabıyla üstələyərək adını finala yazdırıb. Dursunov həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşıb. Rəqibinə 4:2 hesabıyla qalib gələn Yusif bu il Avropa çempionluğunun ardınca dünya çempionu ünvanına da sahib çıxıb.