Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov ötən gün “Sumqayıt” klubunun üzvüləri ilə görüşüb, onları bürünc medal almaları münasibəti ilə təbrik edib.

Rekord.az xəbər verir ki, “Kapital Bank Arena”ya gələn başçı Mehdi Hüseynzadə adına stadionla bağlı da müjdə verib.

Bildiyiniz kimi, sözügedən arenada bir müddət idi ki, işlər dayanmışdı. Bu isə sumqayıtlı futbolsevərlərdə bədbinlik yaratmışdı. Lakin Fərəcov futbolçularla görüş zamanı bildirib ki, hazırda bu məsələ şəhər rəhbərliyi üçün prioritet məsələdir və əllərindən gələni edəcəklər ki, stadionu bacardıqları qədər qısa bir müddətdə həm futbolçuların, həm də sumqayıtlı futbolsevərlərin ixtiyarına versinlər. Əldə etdiyimiz məlumata görə, artıq arenada işlər də bərpa olunub.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına stadion şəxsən ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən yenidən qurulur.