Zalan Pekler: "Azərbaycan ürəyimdədir"
- 12 May 2023 14:52
- 349
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışda qızıl medal qazanan Macarıstandan olan atlet Zalan Pekler açıqlama verib:
“Qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycan ürəyimdədir. 6 il əvvəl ölkənizdə keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl və gümüş medallara sahib olmuşdum. Növbəti dəfə burada olduğuma və yenə medal qazandığıma görə şadam. Azərbaycan mənim üçün düşərli yerdir. Təsnifat mərhələsində də Avropa rekorduna imza atdım.
Final mərhələsində rəqiblərim güclü idi. Çin komandaları hər zaman güclü atletləri ilə fərqlənib. Çindən olan atıcı Şin Yaonu fərqləndirə bilərəm. Budəfəki final gərgin və həyəcanlı idi. Buna baxmayaraq, diqqətimi hədəfə kökləməklə atış səviyyəsini qoruya bildim.
Mükafatlandırma mərasimindən sonra gənc atletlərlə könüllülərin mənə olan diqqət və sevgisi, fikrimcə, yarışda qazandığım uğurla bağlı idi. Fikrimcə, bunda yaraşıqlı olmağımın da müəyyən rolu oldu. Amma ilk növbədə təbii ki, performansdır”.