Zəfər Günündə “Xarı Bülbül” voleybol klubundan təqdirəlayiq təqdimat
- 08 Noy 2022 10:30
- 501
Azərbaycanın şanlı qələbəsilə başa çatan 44 günlük Vətən müharibəsinin simvoluna çevrilən “Xarı Bülbül” bu dəfə idman meydanlarını bəzəyəcək. "Rekord.az" xəbər veriri ki, mədəniyyət paytaxtımız Şuşanı təmsil edən “Xarı Bülbül” voleybol klubu yeni mövsümə hazırdır. Zəfər Günündə klub yeni idman formalarını təqdim edib. Ölkəmizin ilk idman geyimləri brendi olan “IL'AZERO” tərəfindən hazırlanan formalar müxtəlif rənglərdədir. Klubun ağ rəngli formalarında Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın adları əks olunub. Yan hissələrdə isə Azərbaycanın məşhur xalçaçısı, xalq rəssamı Lətif Kərimovun əsərlərindən milli naxışlar yer alıb. Köynəyin sol tərəfində klubun, sağda isə istehsalçı şirkətin loqosu yerləşdirilib. Milli ornamentlərlə bəzədilən formanın üzərində “Xarı Bülbül” Şuşa sözlərinin yazılması klubun tarixi torpağımızı təmsil etdiyinin göstəricisidir.
Qeyd edək ki, klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir. Yeni komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarı bülbülü beynəlxalq arenada tanıtmaq, Azərbaycanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir. Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komandamız bu yaxınlarda Macarıstanda təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb. Qeyd edək ki, klubun prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva, baş məşqçisi Ziya Rəcəbov, təsisçisi isə beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi, eyni zamanda komandanın voleybolçusu İlqar İmamquliyevdir.