Son günlər ölkədə bayram əhval-ruhiyyəsi var. Bu da təbiidir. Çünki bütün ölkəmiz mənfur düşmən üzərindəki 44 günlük qələbənin ildönümünü qeyd edir. Bütün sferalarda Azərbaycan qürur, sevinc, bayram, Ermənistan isə hüzün, matəm, yas içindədir. Hər kəs, hər sahənin adamı çalışır ki, bu zəfərə, ildönümünə öz töhfəsini versin.

 

Ancaq təəssüf ki, hər sahədə üzümüz ağ olsa da, futbol sahəsində yenə qaradı. İstisna var. "Qarabağ" Konfrans Liqasında uğurlu çıxışı ilə hamımızı sevindirdi və tarixində, eləcə də Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsini aşaraq bu zəfər bayramına öz töhfəsini verdi. Amma milli haqda bunu deyə bilmirik. Çünki yenə üzümüzü qara elədilər. Özü də belə bir gündə. Halbuki evdə Lüksemburq millisini məğlub etməklə, onlar da "Zəfər günü"nə töhfə verə bilərdilər. Onsuz da qrupda sonuncu yeri tutmağımız rəsmləşmişdi. Heç olmasa belə bir gündə qapını bərk çıxrpmaq olardı. Amma milli növbəti dəfə həm özünü, həm də bizləri rəzil etdi, bütün  ölkə futbolsevərlərinin qanını qaraltdı.

 

İşin ən pis tərəfi də məhz Lüksemburqa məğlub olmağımızdı. Söhbət tək ondan getmir ki, Lüksemburq "cırtdan" ölkədi, dünənə kimi Avropada qapazaltı olub. Xeyr. Lüksemburq üzrərindəki qələbənin önəmi siyasi baxımdan da çox önəmli idi. Məlum olduğu kimi, Lüksemburq II Qarabağ savaşında açıq-aşlar Ermənistana dəstək vermişdi. Bu isə ölkəmizdə böyük qəzəblə qarşılanmışdı. Amma parlaq qələbəmiz, ordumuzun gücü ilə Ermənistanla bərabər, onun Lüksemburq kimi dostlarını, müttəfiqlərini də xar etmiş olduq. Təsadüfi deyil ki, ölkə başçıdı, Ali Baş Komandan İlham Əliyev də hər dəfə bu mövzuda danışanda "azad etdiyimiz ərazilərimiz Lüksemburqun ərazisi boydadır" ifadəsini işlətməklə sanki bu ölkəyə, ermənilərə havadarlıq edən lüksemburqlulara od qoymuş olurdu. Amma AFFA-nın, AFFA rəhbərliyinin, Azərbaycan  futbolunun başında duran, onu idarə edən insanların yarıtmaz, qeyri-peşəkar fəaliyyəti nəticəsində həmin Lüksemburqun  millisi hər iki oyunda bizə futbol dərsi keçdi, iki oyuna 6 xal qazanıb qapımıza 5 qol vurmaqla bizləri utandırdı. AFFA-nın sayəsində dünən həmin Lüksemburq önündə başımız aşağı oldu. Zəfər günün rəzil üzləri bizlərə utanc yaşatdı. Lüksemburqun nəyi bizdən artıqdr ki, onların yığması bizim yığmaya bu rəzilliyi yaşatmalıdı? Kəlbəcərin ərazisi, Sumqayıtın isə əhalisi Lüksemburqdan çoxdur. Amma "cırtdan" dediyimiz həmin ölkənin yüksək liqasında 14 komanda mübarizə aparır. Millisi də hardan hara gəlib, dünən hamımız gördük. Təbii, bu biabırçılığa görə futbolçulardan yaxalarını məsuliyyətdən kənara çəkməsinlər. Ən azı onlar özlərində xarakter tapıb nəyin bahasına olur-olsun dünən qələbə qazanmalı idi. Təssüf ki, onlar da acizlik nümayiş etdirdilər. Hamını düşündürən sual nədir? Görsən, bunca rüsvayçılıqdan  sonra AFFA rəhbərliyi istefaya getmək istəmir? Bizə hörmət qoymasınlar. Ən azı özlərinə də hörmətləri yoxdur? Axı özünə hörmət edən, az da olsa vicdanı qüruru olan şəxs bu boyda biabırçılıqdan sonra könüllü olaraq istefa ərizəsini yazmalı, daha sonra da futbol ictimaiyyətindən, Azərbaycan xalqından üsr istəyib istefaya getməli və yerini bu sahəni daha yaxşı bilən, bacaran insanlara verməlidir. Amma bizim AFFA rəhbərliyində o xarakter çətin ola. Bunlar bu biabırçılıqdan sonra kreslolarına daha çox sarılacaqlar. Yəqin ki, sabahdan yeni əcnəbi baş məşqçi axtarışına çıxacaqlar, bir ətək də pul ona verib xalqın, dövlətin vəsaitini yenə havaya sovuracaqlar, bir nöbəti seçmə mərhələdən sonra onu da istefaya göndərib, bir başqa əcnəbi axtarışına çıxacaqlar. Çünki bunlar bu ölkəyə, bu xalqa hələ çox rəzilliklər yaşatmaq niyyətindədilər...

 

Anar XANLAROV