Zəiflik, qətiyyətsizlik...
- 04 Noy 2023 12:00
- 497
AFFA İntizam Komitəsi dünənki iclasında "Göygöl” – “Şəki Siti” oyununda baş verənləri müzakirə edib və gözlənildiyi kimi, “Göygöl” komandasına ağır cəzalar verilib. Klubun baş məşqçisi Araz Mansurov 10 oyun cəzalanıb, “Göygöl” klubu 2000 manat cərimə edilib. Matçın 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, “Göygöl” klubu 500 manat cərimə edilib və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya 2-ci liqa oyununa aiddir.
Qərar verilib, öz yerində, amma 1-2 kəlmə demədən keçmək olmur. "Göygöl" tərəfi israrla iddia edir ki, görüşün baş hakimi onları söyüb. Məlum məsələdir ki, bunun üçün ortaya tutarlı sübut qoymasan, heç kim onu ciddi qəbul etməyəcək. Hakim bəlkə də söyüş söyüb, bunu istisna etmirəm. Amma dediyim kimi, ortada bunu sübut edəcək hansısa videogörüntü, səs yazısı yoxdur. Ona görə, məsələnin bu tərəfini qoyuram qırağa.
Ümumiyyətlə hakimin oyunu yarımçıq saxlaması nə dərəcədə düzgün idi, mənə görə, bu addımı atmaq üçün ciddi, tutarlı səbəb yox idi. Bəli, qalmaqal, xoş olmayan mənzərə var idi. Amma hər bu cür hala görə oyunu yarımçıq saxlasan, gərək hər 5 oyundan 3-ü yarımçıq qala. Mən həmin oyuna internet üzərindən canlı baxırdım. Dünəndən bəri epizodu təkrar olaraq, azı 10 dəfə də izləmişəm. Buna görə əminliklə deyirəm ki, hakim zəiflik, qətiyyətsizlik nümayiş etdirdi. Güman ki, bu oyunun hakimi "Xəzər Lənkəran" - "Neftçi", "Turan" - "Bakı", "ABN Bərdə" - "Rəvan" matçlarında yaşananlardan xəbərsizdi. Lənkəranda yan xətt hakiminin bayrağını alıb, başında sındırmışdılar. Bərdədə topu hakimin başına çırpmışdılar. Amma həmin oyunların hakimləri ara sakitləşəndən sonra oyuna davam etmişdilər. Sadaladığım oyunlarla müqayisədə Göygöldə olanlar yüngül insident idi. Bəli, yaşananlara haqq vermirəm. Xüsusilə "Göygöl"ün baş məşqçisi meydançaya o formada daxil olub hakimlə o tərzdə danışmamalı idi. Səhv hərəkət edib, qırmızı vərəqəsini verirsən bitir gedir. Onsuz da həmin anda elə "Göygöl"ün öz futbolçuları, eləcə də polislər dərhal müdaxilə edib baş məşqçini oradan kənarlaşdırdılar. Elə şeyə görə oyun yarımçıq saxlanılırsa, o zaman gərək "Sabah"ın, "Sumqayıt"ın oyunlarının yarısı başa çatmaya. Çünki o oyun olmur ki, Murad Musayevlə Samir Abasov hakimlərlə qalmaqal yaşamasın. Bir daha deyirəm, sadalananlar xaric, dünənki oyunda ciddi dava-dalaş, şillə-təpik, hakimə fiziki təzyiq və ən əsası, dediyim kimi, hakimin oyunu yarımçıq saxlamasına səbəb olacaq ciddi nə isə görmədim. Hakim bir qədər fasilə verib aranın sakitləşməsini gözləməli, daha sonra yerli komandanın rəhbərliyi, eləcə də polislərlə danışıb təhlüəsizliklə bağlı zəmanət alıb oyunu davam etdirə bilərdi. Bu qədər sadə.
Anar XANLAROV