![photo](https://www.rekord.az/storage/uploads/3/368073514-902808408080067-3343243960777116749-n.jpg)
"Zəngəzur" beynəlxalq turnirə yola düşdü
- 26 Okt 2023 10:32
- 527
Azərbaycanın uşaq futbol klubu "Zəngəzur" ("Zangezur" FC) nüfuzlu turnirə qatılmaq üçün Yunanıstanın paytaxtına yola düşüb.
Təcrübəli mütəxəssis Azər Cabbarovun başçılıq etdiyi kollektiv Afinada "Elite Neon Cup'2023" yarışında iştirak edəcək. Turnirdə 10-12 yaş arası uşaqlar mübarizə aparacaq.
26-29 oktyabrda baş tutacaq turnirdə "Zəngəzur" futbol klubu C qrupunda qüvvəsini sınayacaq. Komandamızın bu qrupda rəqibləri isə Rumıniyanın "Styaua", Kosovonun "Drita", Yunanıstanın "Panatinaikos", "Makedonikos" və "Aqia Anna" kollektivləri olacaq.
Qeyd edək ki, kifayət qədər nüfuzlu bir turnir olan "Elite Neon Cup'2023"də Danimarka, Fransa, Rusiya və digər ölkələrin klubları da iştirak edəcək. İştirakçılar arasında məşhur PSJ, "Spartak" (Moskva) kimi klublar da var.
Bundan başqa, sözügedən turnirdə daha əvvəl Almaniyanın "Bayern", "Borussiya", İtaliyanın "Yuventus", "Milan", İngiltərənin "Liverpul", "Mançester Siti", Mançester Yunayted" kimi məşhur klublarına aid akademiyaların komandaları da iştirak edib. Azərbaycandan isə ilk dəfədir "Zəngəzur" uşaq futbol akademiyası turnirə dəvət olunub.