Zeynəb Məmmədyarova: “Sırf şahmata görə həyatda bəzi səhvlər etmişəm”
- 02 İyn 2020 17:20
- 1369
Müstəqil Azərbaycanın ilk qadın qrossmeysteri, şahmat üzrə gənclər arasında Avropa və dünya çempionu Zeynəb Məmmədyarova “Report”a müsahibə verib.
Rekord.az həmin müsahibəni təqdim edir:
- Məlum səbəblərə görə onlayn turnirlər keçirilir. Bunun şahmatçı üçün nə effekti var?
- Biz şahmatçılar onsuz da bütün günü onlayn şahmat oynayırıq. Bu, elə bir idman növüdür ki, internetdə asanlıqla məşğul ola bilirik. Eyni zamanda, dünyanın ən nəhəng şahmatçıları - Maqnus Karlsen, qardaşım Şəhriyar Məmmədyarov və digərləri onlayn şəkildə bir-biriləri ilə məsləhətləşir, dərslər keçirlər. Şahmat internet üzərindən də inkişaf etmiş idman növü olduğundan, bizim inkişafımıza təkan verir. Canlı yarışlar olmasa belə, qoymur ki, geriləyək. Müsahibələrdə də bildirildi ki, pandemiya dövründə geri düşməyən yeganə idman növü şahmat oldu. Düzdür, canlı yarışlar daha maraqlı keçir, gözəl xatirələr qalır. Amma onlayn görüşlərdə də yetərincə iştirak etmişik.
- Bundan əvvəl hansında iştirak etmisiniz?
- Bizdə hər həftə “lichess.org”da, “chess.com”da onlayn yarışlar olur. Yüksək səviyyəli turnirlər olmasa da, iştirak edirik. Azərbaycan şahmatçılarına iki dəfə onlayn seans da verdim. Uşaqlar hamısı sevinirdilər ki, Zeynəb üzərində qələbə qazandıq.
- Keyfiyyət olaraq nə kimi fərqlər var?
- Təbii ki, bu baxımdan canlı oyun daha gözəldir. Nə qədər evdə oturub şahmat oynamaq olar? Bayıra çıxa bilmədiyimizə görə bu ərəfədə məşqlərimiz çox oldu. Bu da inkişaf baxımından daha yaxşı təsir etdi. Mənə elə gəlir ki, bu dövrdən sonra canlı şahmat turnirlərində daha yaxşı nəticələr göstərəcəyik.
- Son olaraq, 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Gününə həsr edilmiş şahmat üzrə internet üzərindən İpək Yolu Kubokunda iştirak etdiniz. Deyəsən, son vaxtlar qonşu ölkədə qadın şahmatı daha güclü inkişaf edib...
- Təkcə son vaxtlar deyil, həmişə belə olub. Qadın şahmatının təməlini elə gürcüstanlı Nona Qaprindaşvili qoyub. İndi də onun yolunu Nana Dzaqnidze davam etdirir. Düzdür, Gürcüstanda qadın şahmatı güclüdür, amma son zamanlar Azərbaycanın qadın şahmatı da xeyli inkişaf edib. Bu, nəticələrdə də özünü göstərir. Rəqabət artdıqca, qızlarımızın şahmat səviyyəsi də qalxır. Çox sevindirici haldır. Son illərdə gürcülərlə yarışlarda uduzmuruq. Hətta udduğumuz yarışlar da olur. Çox yaxşı nəticələrimiz olur.
- Olimpiadada gürcü şahmatçılarla qarşılaşmışdınız?
- Həm olimpiadada. Həm də Avropa çempionatında hər il üz-üzə gəlirik. Son vaxtlar onlara uduzmağımız yadıma gəlmir.
- Sonuncu dueldə hesab necə oldu?
- Həmişə 2:2 olur (gülür). Nana Dzaqnidze yaxın rəfiqəmdir. Səhv etmirəmsə, 2014-cü ildəki olimpiadada qara fiqurlarla Dzaqnidzeyə qalib gəldim və yekunda 2,5:1,5 hesabı ilə qələbə qazandıq. Həmin yarışda erməniləri də məğlub etmişdik. Ondan sonra federasiyamızın vitse-prezidenti Mahir Məmmədov bizə çox gözəl hədiyyələr vermişdi. Özü çox sevinirdi. Qafqazın ən güclü qadın şahmatçıları olmuşduq. Dzaqnidze ilə görüşdən sonra gürcülərin kapitanı Nino Qurieli mənə yaxınlaşıb dedi ki, komandanın uduzması onun günahı olub. 2002-ci ildə Bakıda gənclər (20 yaşadək) şahmatçılar arasındakı Avropa çempionatında da reytinqinin yüksək olmasına baxmayaraq, Dzagnidzeyə qalib gəlmişdim. O, həmişə məni güclü rəqib sayıb. Qureli 2004-cü ildəki yarışdan sonra demişdi ki, Dzaqnidze mənimlə oynamaq istəmir. Bilirdi ki, oyunu alınmayacaq. Növbəti il Avropa çempionatında Nana yenə mənimlə qarşılaşmadı. Birinci lövhədə çıxış edirdim. Həmin vaxt Bela Xotenaşvili ilə oynadım. Onu da qara fiqurlarla uddum. Yəni, gürcülərə qarşı nəticələrimiz hər zaman yaxşı olub. Düzdür, Çin şahmatçıları qədər olmasalar da, gürcülər bir çox turnirin favoriti olublar. Onlarda ənənə var.
- Ötən il Batumidəki Avropa çempionatında 3-cü yer tutdunuz. Sizə elə gəlmirmi ki, favorit sayılmadığınız və üzərinizdə təzyiq hiss etmədiyiniz üçün bu nəticəyə imza atdınız?
- Biz onsuz da son illərdə “5-liy”ə yaxın yerlər tuturuq. Artıq bütün dünya bilir ki, Azərbaycanda qadın şahmatı ildən-ilə inkişaf edir. Bəlkə də 1-2-ci yerlər üçün favorit saymırlar. Amma Almaniya şahmatçıları ilə 3-4-cü yerləri bölüşdürdüyümüz turnir də olub. Olimpiadada qadın şahmatçılarımızın nəticələri kişilərdən daha yaxşı olur. Avropa çempionatında isə kişilər 3 qat qalibdirlər. Buna sözümüz yoxdur.
- Avropa çempionatında həlledici məqam hansı oldu: Nə vaxt başa düşdünüz ki, artıq medal qazana bilərsiniz?
- Sonuncu turda ermənilərlə oynayırdıq. Qızlarımızda həyəcan var idi. Hətta zarafat da edirdilər ki, həyəcandan oynamaq istəmirlər. Mən həm təcrübəli komanda üzvü, həm böyük bacıları olaraq onlara hirsləndim. Dedim ki, heç biriniz oynamırsınızsa, buraya niyə gəlmisiniz? Vaxt olub ki, ermənilərlə qarşılaşanda federasiya təklif edib ki, oynamaya bilərsən. Çünki lövhədə yer tuturdum. O vaxt erməni şahmatçılar bizdən güclü idilər. Bildirdilər ki, uduzsan, həm medal gedəcək, həm də komanda yer tuta bilməyəcək. O illərdə Ümumdünya Şahmat Olimpiadasında lövhədə qazanılan medal belə Azərbaycan üçün böyük nəticə sayılırdı. Onda federasiya rəhbərliyinə dedim ki, heç vaxt belə şey ola bilməz, mən mütləq oynayacağam və udacağam. Qızlara başa saldım ki, mən o vaxt, bax, belə şahmatçı olmuşam. “Mən oynamıram” demək olmaz. Onları psixoloji olaraq özlərinə gətirdim. Görüşdən əvvəlki gecə qızlarımız yatmadılar. Qarşılaşmaya ciddi hazırlaşdılar. Biz özümüz də onlar üçün çox gözəl sürprizlər hazırlamışdıq. Çox qəribə hisslər idi. Hər gün içimiz titrəyirdi. Ermənilərdən güclü komandalarla daha rahat oynamışdıq. Ermənilərlə qarşılaşmaq çox fərqli bir şeydir. Üzərimizdə həddindən artıq təzyiq olur. Elə hiss yaranır ki, bunlara uduzmaq ayıbdır. Düşünürsən ki, bunlar heç bir işdə bizdən yuxarıda ola bilməzlər, heç buna layiq də deyillər. Bu səbəbdən, həddindən artıq məsuliyyətlə oynayırdıq. Sonuncu dəfə ermənilərə 2006-cı ildə Almaniyanın Drezden şəhərindəki Olimpiadada uduzmuşuq. Ondan sonra ya udmuşuq, ya da heç-heçə etmişik. Avropa çempionatında sonuncu oyunumuz idi. Ona görə bilmirdik ki, alınacaq, ya yox. Onlardan 1 xal öndə olduğumuz üçün bizi heç-heçə də qane edirdi. Amma udduq. Allah hər zaman bizim tərəfimizdədir.
- Mükafatınız nə oldu?
- Bürünc medal (gülür). Federasiya rəhbərliyi tərəfindən hər birimizə 15 min manat pul mükafatı verildi. Müstəqillik dövründə qadın şahmatının komanda şəklində ilk böyük uğuru olduğundan, dövlətimizdən də təbrik olacağını gözləyirdik. Amma olmadı. Bu, o demək deyil ki, həvəsdən düşmüşük. Əksinə, daha yaxşı nəticələr əldə etməliyik ki, o təbriki qazanaq.
- İlin yekununda hər hansı mükafat verilmədi?
- İdman Araşdırmalar Mərkəzinə təşəkkür edirik ki, bizi ilin komandası seçdi. Həmçinin, hər il olduğu kimi, 2019-cu ilin yekununda da bir şahmatçımıza mənzil verildi. Qadın şahmatında qazandığımız uğura görə bu il məşqçi Anar Allahverdiyevlə yanaşı, Xanım Balacayevaya da mənzil verildi.
- Əvvəllər Şəhriyar Məmmədyarova mənzil verilib. Siz özünüz necə, mənzil almısınız?
- 2004-cü ildə Prezident İlham Əliyev mənə mənzil hədiyyə etmişdi. O vaxt idmançılara təzəcə evlər verilməyə başlanmışdı. Mənə də Səməd Vurğun küçəsində yerləşən yeni tikilidən çox gözəl mənzil bağışlanmışdı. Daha sonra qardaşıma da verildi.
- Bəs bacınız Türkan Məmmədyarovaya necə? O da yeniyetmələr arasında Avropa çempionu olub...
- Bacıma da mənzilin hədiyyə olunacağı gözlənilir. Çünki onun da böyük nəticələri var. Yeni-yeni nəticə qazananlara ev verilməkdədir. Bacım Avropa çempionu və üç övlad anası olsa da, hələ mənzil almayıb. Bizdə belədir ki, dünya və Avropa çempionatında yer tutanlara mənzil verilir. Bacım hələ ki növbədədir (gülür). Ümid edirəm ki, ona da verilər.
- Bakıda yox, məhz Sumqayıtda yaşamağınızın səbəbi nədir?
- Mən həmişə valideynlərimlə yaşamışam. İldə bir neçə dəfə beynəlxalq yarışlara gedirdim, Azərbaycanda az olurdum. Ona görə də övladlarıma mütəmadi olaraq valideynlərim baxır. Belə rahatdır. Çünki ya uşağa baxmalı, ya da yarışlarda iştirak etməli idim. Bu səbəbdən, mən də valideynlərimlə birlikdə Sumqayıta qayıtdım. Sevinirəm ki, indi daha yaxşı şəraitdə yaşayırıq.
- Keçmiş həyat yoldaşınız Ülfət Tanrıverdiyev sizin onu məhkəməyə verərək, mənzili öz adınıza keçirmək istədiyinizi bildirib. Belə iddialara münasibətiniz necədir?
- Onunla ailə həyatı qurandan sonra Sumqayıtda yeni tikilidə kreditlə mənzil götürmüşdük. Bu krediti hər ikimiz evlilik işləyərək ödədik. Açığı, şahmat üçün həyatımda çox şeylərdən keçmişəm. Ümumiyyətlə, həyatımda baş verənləri, sadəlövh olmağımı, çoxbilmiş olmamağımı sırf şahmatla bağlayıram. Çünki gözümüzü açandan şahmat görmüşük. Hər zaman təmiz mübarizə aparmışıq. Evə qohumlarımız gəlmirdi, telefon xətti yox idi ki, kiminləsə danışaq. Heç vaxt rəfiqəm olmayıb. İşim-gücüm yalnız şahmatla məşğuliyyətdən ibarət olub. Dedi-qodu, qeybət bilməmişik. Heç bir hiyləgərlikdən xəbərimiz olmayıb, ancaq şahmatı bilmişik. Ona görə də böyük nəticələrimiz olub. Sırf bu oyuna qapandığım üçün həyatda bəzi səhvlər etmişəm. Düzgün seçimlər etməmişəm. Bunun üçün həyatı daha dərindən anlamaq lazım idi. Lakin mənim həyat təcrübəm az idi. Hər kəsi özüm kimi bilmişəm.
- Bəs Şəhriyardan məsləhətlər almırdınız?
- Şəhriyarın özü də elə səhvlər edib (gülür). Yalnız bacımın ailə həyatı ilk dəfədən uğurlu alınıb. Bilirsiniz, mən çox gözəl, sevgi dolu ailədə böyümüşəm. Ailə üzvlərimiz həddindən çox fədakar olublar. Kişi işi, qadın işi kimi ayrıseçkilik olmayıb. Hamı işlərin yaxşı getməyi naminə bir-birinə kömək edib. Düşünürəm ki, uğur qazanmaq üçün insana bu cür ailə lazımdır. İndiki zamanda qadın da pul qazanır, kişi də. Ailənin işi necə yaxşı gedirsə, elə də etmək lazımdır. Ömür qısadır, xoş günlər yaşamaq üçündür. Niyə övladım pis ab-havada böyüməlidir? Niyə mənim kimi xoşbəxt ailədə böyüməsin? İstərdim ki, onlar da mənim kimi deyib-gülən, pozitiv düşüncəli insanlar olsunlar. Kənardan baxanlar deyə bilərlər ki, Zeynəbin həyatı çox çətin olub. Amma bu gün keçmişdəki çətinliklərimi geridə buraxaraq, həyatımda yeni və uğurlu səhifə açmışam. Axır ki, düzgün seçim etmişəm. Axı bədbəxt insan xoşbəxt övlad yetişdirə bilməz!
- Ev mübahisəsi nədən yarandı?
- Ülfətlə ayrılanda ev haqqında heç bir söhbət olmamışdı. O, ABŞ-a getmişdi, mən isə övladlarımla bu evdə yaşayırdım. Bir gün yarışda olanda mənə Sumqayıt məhkəməsindən zəng etdilər ki, eviniz bölünüb. Bildirdim ki, axı mən heç bir məhkəməyə baş vurmamışam. Söylədilər ki, bölgü Ülfətin müraciəti əsasında aparılıb. Ümumiyyətlə, bu məhkəmədən xəbərim olmayıb. Mənə hər şey bitəndən sonra deyiblər. Xəbəri biləndən sonra Ülfətə təklif etdim ki, sən öz 50 faizini oğluna ver, mən də öz payımı qızıma verim ki, mənzil övladlarımıza qalsın. Lakin o, təklifimlə nədənsə razılaşmadı. Nəticədə mən Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə müraciət etməli oldum. Övladlarıma da mən baxıram, onların da məsuliyyəti öz üzərimdədir. Ona görə də evin 2/3-nin mənə və övladlarıma verilməsinə dair qərar çıxarıldı. Çünki o, aliment də ödəmirdi. Hazırda evin iki kupçası var: 2/3 hissəsi mənə, 1/3 hissəsi ona aiddir.
- Mətbuatda yazılanlara əsasən, siz Ülfət Tanrıverdiyevdən Bakının Yasamal rayon Məhkəməsinə şikayət edərək, yığılıb qalan aliment borclarınızı tələb etmisiniz?
- Mən onu heç bir məhkəməyə verməmişəm. Halbuki bütün saytlar belə bir xəbər yayıb. Boşanma sənədimizdə qeyd olunub ki, övladların bütün məsuliyyətləri anaya buraxıldığına, himayədar mən olduğuma və uşaqların yaşayış tərzinin dəyişməməsinə görə, digər valideyn öz maaşının 33 faizini himayədar valideynə aliment kimi ödəməyə məcburdur. ABŞ-a yenicə köçərkən, təqribən 15 ayadək qazancla bağlı çətinliyi olduğundan, alimenti müntəzəm ödəyə bilmirdi. Son bir ildə yaxşı işdə çalışır. Real maaşını söyləməsə də, onun yüksək əmək haqqı aldığını bilirik. Yaşayış və iş yerinin ünvanı mənə məlumdur. İstəsəydim, bunu Sumqayıt şəhər Məhkəməsinə müraciətlə barəsində beynəlxalq sorğu əsasında lazımi nəticəni əldə edə bilərdim. Lakin mən bunu etməmişəm. O, hazırda övladlarına məvacibinin cəmi 5-10 faizini müntəzəm ödəməyə çalışır. Alimenti düzgün ödəməməsinə rəğmən, ona heç bir məhkəmə açmamışam. Açığı, belə xəbərləri görəndən şokdayam. Kimin nədən belə yazdığını bilmirəm.
- Bəlkə hər şey Apellyasiya Məhkəməsinin qərarına görədir?
- Apellyasiya Məhkəməsinin qərarından artıq 2 il keçib. Xəbərdə yazılıb ki, aliment yığılıb borc böyüdüyü üçün guya mən Yasamal rayon Məhkəməsinə müraciət etmişəm. Axı belə bir şey yoxdur. Nə göndərir, Allahı bilər, özü bilər. Mən övladlarımıza yüksək səviyyədə baxıram. Mediada xəbərlər çıxanda ona yazdım ki, bunların hamısı yalandır, heç birinə inanma. Buna baxmayaraq, bu cür xəbərlərə münasibət bildirib. Üstünə də eybəcər şəkildə öz əlavələrini edib. Həqiqətən xoşagələn olmadı. Əlimdən gələni etmişəm ki, övladlarım atalarının uzaqda olmalarını hiss etməsinlər. Ataları ilə mütəmadi ünsiyyətdədirlər.
- Bayaq qeyd etdiniz ki, həyatınızda baş verənləri, sadəlövh olmağınızı, çoxbilmiş olmamağınızı sırf şahmatla bağlayırsınız. Bəs sizi şahmatla məşğul olmağa nə vadar etdi?
- 1993-cü ildə şahmata başlayanda ölkənin ən ağır vəziyyəti idi. Biz məktəbi əla qiymətlərlə oxuyurduq. Mən gündə 6-7 dənə “5” alırdım. Məktəbə başlamamışdan öncə 28 - 30 bəndlik şeirləri əzbər bilirdim. Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Məhəmməd Hüseyn Şəhriyar və digər məşhur şairlərimizin şeirlərini əzbərləmişdim. Atam dedi ki, qızım, bu gün Azərbaycan dardadır, sən 11-ci sinfi bitirənə qədər ölkəmiz üçün heç nə etməyəcəksən. Amma idmançı olsan, gərgin əmək nəticəsində Azərbaycanı dünyada daha tez tanıda bilərsən. Biz ona görə şahmatı seçmişik. Çünki atam ölkəsini çox sevən, millətçi bir insandır. Bizi də bu ruhda yetişdirib. Həyatımızı Azərbaycana fəda etmiş insanlarıq. Gündə 10 saat şahmatla məşğul olur, gecələr yata bilmirdik, yuxularımız pozulurdu. Atam bizi həddindən çox yükləyirdi. Bu gün uşaqlar gedib məktəbdə 2 saat şahmatla məşğul olur, sonra da gəlib evdə 1 saata ev tapşırığını etməklə kifayətlənirlər. Biz isə laboratoriyadakı alimlər kimi daim axtarışda idik. 10 saatlıq şahmatdan sonra 4 saat da idmanla məşğul olurduq ki, havalanmayaq, bədənimizdə qan dövranı yaxşı getsin ki, dözə bilək. Buna görə bizim yüksək nəticələrimiz oldu.
- Şahmatçı Zeynəb Məmmədyarova necə oldu ki, siyasətə də qoşuldu?
- Mən və ailəm ömürboyu Azərbaycan naminə çalışmışıq. Biz yalnız idman sahəsində gözəl nəticələrlə üzdə olan ailəyik. Bu gün siyasətə qoşulmuşamsa, o demək deyil ki, siyasətçi pisdir. Heç kimə pislik etmək istəmirəm. Sadəcə, Prezidentimiz seçkilər ərəfəsində demişdi ki, millət vəkilləri ancaq deputat statusu daşımamalı, millətin vəkili olmalıdırlar. Bu səbəbdən özümü siyasətdə də sınamağa qərar verdim. Həmçinin indiyə qədər 1 manat da rüşvət götürmədən bu yerə gəlib çıxmışam. İnsanlarımıza həqiqətən vəkil olmaq, onlara kömək etmək istəyirdim. Prezidentimizin çağırışına səs verdim.
- Düşünmürsünüz ki, barənizdəki belə məlumatlar məhz siyasətə qoşulduqdan sonra yayılmağa başlayıb?
- Razıyam. Milli Məclis deputatlığına namizədliyimi irəli sürdükdən sonra mediada haqqımda düzgün olmayan, əsassız xəbərlər çıxmağa başladı. Son zamanlar hiss edirəm ki, siyasətə qoşulduqdan sonra kimlərsə həyatıma çirkin işlərlə müdaxilə etməyə çalışır. Həyatda heç vaxt düşmənim olmayıb. Bu günə qədər ancaq ölkəmə xidmət etmiş, Azərbaycanın adını ucaltmışam. Cənab Prezidentimiz də bizim ailəni yaxşı tanıyır. Haqqımızda yazılanlar mənə pis təsir edir. İnsanlar ucuz və yalan məlumatlara aldanır, mənim kimi bir idmançı haqqında yanlış fikirlərə düşürlər. Halbuki xalqımızın bu yalanlara inanmayacağını, məni aliment “ovçu”su, uşaqlarından istifadə edən bir ana kimi qəbul etməyəcəklərini düşünürdüm. Çünki Zeynəb Məmmədyarova ancaq yaxşı işlərlə məşğul olub. Amma gördüm ki, insanlar ucuz məlumatları bir-birinə ötürməyə meyllidirlər. Bütün saytlar bu haqda yazmağa başladı. Xəbərləri paylaşmadan öncə heç kim zəng edib bunların doğru olub-olmadığını soruşmadı. Bəlkə də hamı bilirdi ki, məndən münasibət öyrənsələr, bunun yalan olduğunu deyəcəyəm və həmin xəbər yayımlanmayacaq.