"Ziko" Sumqayıtda futbol məktəbi açdı
- 25 İyl 2024 12:00
- 2263
Azərbaycan futbolunun müstəqillik dönəminin tanınan futbolçularından olmuş Zahir Əsgərov Sumqayıtda özünün futbol məktəbini yaratmağa qərar verib.
Rekord.az xəbər verir ki, "Ziko" ləqəbli veteran futbolçu elə məktəbinin də adını "Ziko" Futbol Məktəbi" qoyub.
Bu məktəbi yaratmaq hansı zərurətdən yarandı, niyə məhz "Ziko", gələcək planlar və s. bağlı daha ətraflı məlumat almaq üçün Zahir müəllimin özü ilə görüşdük. Sözügedən məsələ ilə bağlı sualımıza cavabı belə oldu: "Xeyli müddətdir futbolun içindəyəm. Məşqçiliyə başlayandan da daha çox uşaqlarla işləyirəm. Təəssüf ki, çoxu böyük futbola qaçır. Amma uşaq futbolunda da təcrübəli, tanınmış məşqçilərə ehtiyac var. Burda da çalışıb, yeni istedadların tapılmasında iştirak etmək lazımdı. Bəli, uşaq futbolunda işləmək daha çox əziyyət tələb edir. Amma mən bu əziyyəti seçdim. Hazırda "Sumqayıt" Futbol Akademiyasında çalışıram. Təzəlikcə U-10 komandasını mənə veriblər, 2015-ci il təvəllüdlü futbolçularla işləyəcəm. Amma çoxdan istəyim var idi ki, öz məktəbimi də açım. Nəhayət indi bunu reallaşdırdım. Hazırda "İdrak" liseyinin futbol meydançasında məşqlərə başlamışıq. Belə planlaşdırmşam ki, bu komanda mənim akademiyada baş məşqçisi olduğum komandanın bir növü B komandası olacaq. Orada A komandaya düşə bilməyən uşaqları bura cəlb edəcəyik ki, yenə öz nəzarətimizdə olsunlar. Bundan başqa, futbolla məşğul olmaq istəyən istənilən uşağa da qapımız açıqdı. Təbii ki, hazırda məşq etdiyimiz meydançanı icarəyə götürdüyümüz üçün qrupumuz ödənişli olacaq. Amma elə qiymət etmişik ki, insanların cibinə uyğun olsun. Burda özünü yaxşı tərəfdən göstərən uşaqlar gələcəkdə "Sumqayıt" Futbol Akademiyasına cəlb olunacaq. Məşqlərimiz həftədə 3 dəfə olacaq. Əsas məqsədimiz uşaqlara futbolu təməldən düzgün öyrətməkdi. Bəzən bir uşaq hansısa hərəkəti düzgün etməyəndə saxlayıb 5-6 dəfə təkrarladıram. Həmin hərəkəti düzgün icra etməyənə qədər o uşaqdan yaxşı mənada əl çəkmirəm".
Həmsöhbətimiz ad seçimi və gələcək planlar haqda da danışdı: "Ziko" adı təsadüfən seçilməyib. Çünki mən futbol oynadığım dönəmdə bu ləqəblə tanınmışam. İndi də məni daha çox bu adla çağırırlar. Elə məktəbin adını da buna uyğun qoydum ki, burada gələcəyin "Ziko"larını yetişdirim (gülür). Hədəfimiz payızda AFFA-nın bayrağı altında keçirilən yarışlara qatılmaqdı. Akademiyadakı komandam Bakı zonasında oynayacaq. Bu komandanı isə Sumqayıtda sınamağı düşünürəm. Başqa böyük planlarımız, layihələrimiz də var və ümid edirəm ki, hamısını uğurla həyata keçirə biləcəyik".
Sonda qeyd edək ki, hazırda "Sumqayıt"ın qapıçılarından olan, "Qarabağ"la qarşılaşmadakı oyunu ilə diqqətləri üzərinə çəkən Xəyal Feyzullayev məhz Əsgərovun tapıntısı sayıla bilər. "Ziko" bu haqda da danışdı: "Xəyal o vaxt "İdrak"da yanıma gəlmişdi və biz onu futbolçu kimi sınadıq. Futbolçu kimi o qədər də güclü olmadığını görüb qapıda sınamaq qərarına gəldim və gördüm ki, çərçivədə daha çox effektlidir. Düzdür, ayaqla elə də yaxşı oynamırdı, amma əllə çox inamlı idi, topdan qəti qorxmurdu. Sonradan "Sumqayıt" Futbol Akademiyasına tövsiyyə etdim və orada məşqlərə davam etdi. Bu gün artıq "Sumqayıt"ın əsas komandasında yer alıb".
Anar XANLAROV