Bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sabah” “Zirə” komandasıyla qarşılaşıb.

Rekord.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan Masazır təmsilçisinin çalışdırıcısı Krunoslav Renduliçin matçdan sonra mətbuat konfransı keçirilib.

Xorvatiyalı mütəxəssis “Zirə”nin bu matçda qələbəyə layiq olduğunu bildirib:

“İlk öncə rəqibi təbrik etmək istəyirəm. Onlar bu matçda qələbəyə layiq idilər. Oyunçularıma isə heç nə deyə bilmərəm. Onların da yanaşması yaxşı idi. Razı qaldım.

Oyundan qabaq da uşaqlara demişdim ki, “Zirə” yaxşı komandadır. Bu oyunda yaxşı çıxış etdik.

Futbol səhvlər oyunudur. Səhvlər olmasa da hər oyun 0:0 bitər.

Demək istəməzdim ki, Amin Seydiyev mükəmməl oynadı. Mənim oyunçum səhv etdikdə onu dəyişmək yerinə dəstək olmağa çalışıram.

Hər şey yaxşı olanda heç bir xəbər olmur. Pis nəsə olan kimi jurnalistlər pis xəbərlər yaymağa başlayır. Keçən il biz çempionatı üçüncü yerdə bitirəndə heç kim demədi ki, mükəmməl oynayırlar. Oyunlar arasında ola bilər problemlər olsun, amma biz bunu elan etmirik. “Şamaxı” ilə oyunda rəqib qapımıza iki zərbə endirdi, ikisi də qol oldu.

Yenə deyirəm, bugünkü oyunda uşaqlar savaşdılar. Ona görə də onlara heç nə deyə bilmərəm. Klub gəncdir və hər il inkişaf edir. İki ildir ardıcıl avrokuboklarda iştirak edirik. Bəlkə də, iki il sonra daha da mükəmməl nəticələr qazanacağıq. Bu uzun prosesdir. Biz bu iki il ərzində gördüyümüz işlərlə fəxr edirik.

Məşqçi olaraq həmişə qarşıdan gələn oyunu fikirləşirəm. Biz qalib gəlmək istəyirdik, lakin buna müvəffəq ola bilmədik. Mən imkan vermərəm ki, əhval-ruhiyyəmiz düşsün.

Əlbəttə ki, bizim gələcəyə yönəlik planlarımız var. Biz addım-addım inkişaf edəcəyik. Bir il, iki il sonra sizin dediyiniz hədəflərə çatacağıq. Biz bunu mütləq edəcəyik.

Fikir vermisizsə, qalib gələndə mətbuat konfransları 3 dəqiqə çəkir, məğlub olan kimi isə 20 dəqiqədən artıq olur (gülür). Ona görə də, qalib gəlməlisən. Buna çalışacağıq.

Gələn həftə inanıram ki daha yaxşı əhval-ruhiyyədə olacağıq”.