“Zirə” Buma görə 100 min dollar tələb edib
- 11 Okt 2019 17:00
- 1083
“Zirə”nin artıq sabiq müdafiəçisi, 2017/18 mövsümündə “qartallar”ın şərəfini qoruyan Jozef Bumun müsahibəsini diqqətinizə çatdırmışdıq. Bir daha xatırladaq ki, kamerunlu müdafiəçi açıqlamasında qəsəbə təmilsçisinin sənədlərini vermədiyini bildirməklə yanaşı, bunun səbəbləri barədə danışmaq istəmədiyini demişdi. Hazırda futbolsuz qalan Bum bu məsələdə “qartallar”ın rəhbərliyini ittiham etmiş və rəsmiləri Allaha tapşırdığını söyləmişdi.
Rekord.az xəbər verir ki kamerunlu futbolçunun söylədiklərinə aydınlıq gətirmək üçün “Zirə”nin baş meneceri Elman Himayətoğlu ilə əlaqə saxladıq.
Elman bəy problemin futbolçudan qaynaqlandığını bildirdi və başverənlərə belə izah verdi: “Jozef Bumun müsahibəsi ilə tanışıq. Müdafiəçi müsahibəsində özünə sərf edən məqamlara toxunsa da, nədənsə “Zirə” rəhbərliyinin hansı səbəbdən onun sənədlərini vermədiyinə aydınlıq gətirməyib. Görünür, Bum problemin özündən qaynaqlandığını deməyə cəsarət tapmayıb. “Zirə”dən əvvəl Jozef Türkiyə çempionatında top qovurdu. Onu bizə məsləhət biləndə müdafiəçi artıq türk klubundan problemlə ayrılmışdı. Özü bizimlə danışıqda bildirdi ki, komandaya gəlim və özümü yaxşı tərəfdən göstərəcəyim halda müqavilə imzalayaq. Həqiqətən də özünü göstərdi və komandaya faydalı olduğunu ortaya qoydu. Bumun müqaviləsində əks olunan maaş premyer-liqa göstəricilərinə görə az idi. Bunu nəzərə alan klub rəhbərliyi dekabrda ona əlavə pul verdi və bildirdi ki, növbəti müqavilə müddəti üçün maaşın artırılacaq. Bundan başqa, Jozefin müəyyən ailə problemləri var idi ki, onu da yoluna qoyduq. O fasilə dönəmində klubdan ayrılanda tətildən sonra düşərgəyə qayıdacağını gözləyirdik. Ancaq Jozef geri dönmədi və buna görə də biz aidiyyatı qurumlara futbolçudan şikayət etdik. Jozefi başqa əcnəbi klub heyətinə qatmaq istəyirdi. Müqaviləsi olduğu üçün biz də həmin klubdan təzminat istədik və 100 min dollar tələb etdik. Qarşı tərəf əvvəlcə bizimlə razılaşdı. Ancaq sonradan onlardan xəbər çıxmadı. Futbolçunun bizimlə müqaviləsi varsa, onu havayı buraxan deyilik ki. Bum bu gün klubsuz qalıbsa, günahı özündə axtarsın. “Zirə”nin bu məsələdə heç bir günahı yoxdu. Hər şey sənədlə həll olunur və biz də müasir futbolun tələblərinə uyğun addım atmışıq”. ("Futbol plus" qəzeti)