“Zirə” zirək futbol oynayırmı? YAZI
- 16 Yan 2024 20:37
- 287
Tənbəllik etməyib “Zirə”nin bu mövsüm Premyer-Liqada keçirdiyi bütün oyunlarına yenidən baxdım. Deyim ki, asan olmadı :)
18 matçdı, əksəriyyətini zatən tribunadan, yerində izləmişdim, qalanını da TV və ya internetdən canlı şəkildə. Ümumi təsəvvürüm var idi, ancaq konkret bir fikir yürütmək üçün yenidən, daha sakit məcrada nəzərdən keçirməyin gərəkdiyini düşündüm. Əsas məqsəd də bu suala cavab tapmaq idi: “Zirə” həqiqətən də müdafiə futbolu oynayırmı?
Geniş izahını bir azdan verəcəm, ancaq giriş olaraq deyim ki, bu suala cavab vermək asan deyil. Məncə, nə müdafiədi, nə də hücum. Ortada, çətinliklə müəyyən edilən bir oyundu. Baxımlı futboldumu? Yox, təbii ki. 18 matça cəmi 13 qol vurmuş komandanın oyununu baxımlı adlandırmaq absurd olardı. Hər oyun 8-10 epizod qaçırıb, şansları boşa versəydilər, yenə bu fikrə gəlmək olardı. İzlədiklərim onu deməyə imkan verir ki, bu fikir üçün çox kiçik əsaslar var, belə deyək, “saysız-hesabsız” deyil.
Müdafiə futbolu nədir?
Əsas hissəyə keçməmişdən öncə bir suala cavab tapaq: müdafiə futbolu nədi? Qlobal müzakirəlik mövzudu. Məsələn, arxada top gəzdirməyə müdafiə futbolu deyiriksə, o zaman klassik “tiki-taka” da müdafiə futboludu. Ancaq təbii ki, o topgəzdirmənin sürəti, intensivliyi, eyni zamanda meydançanın hansı hissəsində edilməsi də nəzərə alınmalıdı. Ən bariz olanı - “Barselona”nın oynadığı oyunu idi ki, onu müdafiə futbolu adlandıranın ağzı əyilər. Son 5-6 ilə qədər “Qarabağ” da bu oyunun belə demək olarsa, yüngül versiyasını oynayırdı və “arxaya nə qədər pas atmaq, top çevirmək olar” tənqidləriylə üzləşirdi. Fikirlər müxtəlifdi.
Müdafiə futbolu deyəndə, yada düşən ilk söz təbii ki, “Katenaçço”du. Keçilməz italyanları hamımız yaxşı xatırlayırıq. Bu sistemlə onlar yığma səviyyəsində Avropa və dünya çempionluqları qazanıb, klubları bir çox beynəlxalq yarışların qalibi olublar. Dahi Elenio Erreranın zirvəyə qaldırdığı futbol oyun intizamlı, meydanda sıx düzülüş və hərəkəti, müdafiədə diqqətli olmağı gərəkdirir.
Çox uzatmaq olar, ancaq bir-iki misalla yetinək. Başlanğıc üçün yetərlidi.
Topgəzdirmə, sonra uzun toplar
Beləliklə, keçək əsas mövzuya - “Zirə”nin oyun sxemi, taktikası, ümumi fəlsəfəsinə. Rəşad Sadıqov adətən komandasını 4-2-3-1 sxemi ilə meydana çıxarır, bəzən bu düzülüş 4-4-2-yə (iki dayaq yarımmüdafiəçisi ilə) də çevrilə bilir, amma bu nisbidi. İkinci hücumçu da adətən yarımmüdafiəçi (bəzən vinger) olur, duruma görə hücum xəttində yer alır. Komanda bu mövsüm keçirdiyi 18 matçda cəmi 1 dəfə - “Turan Tovuz”la səfər matçında açıq şəkildə 3 mərkəz müdafiəçisiylə meydana çıxıb. Bu sxemə bəzi qarşılaşmaların ikinci hissəsində də rast gəlmişik, amma ümumi götürəndə üçlü müdafiə Sadıqov üçün əsas seçim variantı deyil.
Oyunun özünə gəlincə, burda da ilk baxışdan çətin anlaşılacaq bir şey yoxdu. Top mərkəz müdafiəçilərində olanda onu qısa ötürmələrlə cinahdan-cinaha gəzdirir, minimum səhvlə oynamağa çalışır, işə qapıçını da qoşurlar. Sonra ilk imkandaca uzun toplarla ön cinahlara, dəqiq desək, cinah yarımmüdafiəçilərinə, yaxud hücuma qoşulan cinah müdafiəçilərinə ötürürlər. Onlar da topu qəbul edərək ya fərdi reyd, ya da asma ilə rəqib meydançasının mərkəzinə göndərirlər. Ordakılar da duruma görə davranırlar.
Oyunun “dayaq nöqtəsi”
Hücumun start fazasında mərkəz müdafiəçilərinin qeyd olunan uzun oynama imkanları olmayanda top dayaq yarımmüdafiəçilərinə verilir. Onlar da eynilə imkan düşdükcə irəliləməyə, olmadıqda yenə cinahlara “pənah aparırlar”. Yəni tapşırıq eynidi, sadəcə icraçılar fərqlənir.
Rəşad Sadıqov üçün bu mövqedə olan oyunçular xüsusi əhəmiyyət daşıyırlar, onlara verilən tapşırıqlar, üzərilərinə qoyulan məsuliyyət digərlərindən dəfələrlə çoxdu. Məhz dayaqda oynayanlar həm oyunu quran əsas adamlar, həm topu ön xəttə çatdıran, həm də rəqibin hücum dalğasının qarşısını kəsənlərdi. Çox adam sınanıb orda, çox adam “heyf” edilib, ancaq istədiyini ala bilməyən baş məşqçi yenə də məramından dönmür. Məncə, Sadıqov dayaqdakılara həddindən artıq yüklənir, nəticədə nə oralıq olurlar, nə buralıq. Çıxış yolu ən azı bir rərəfi güclü olan futbolçularda tapılır. Məsələn, Pyer Zebli. Onun topla davranışı sıfıra bərabərdi, 20 metrlik ötürməni düz verə bilməz, ancaq topsuz əvəzedilməz biridi. Rəqibə yapışıb topu ondan almayınca əl çəkmir, irqçilik kimi çıxmasın, “qarabaqara” izləyir. Ya da İsmayıl İbrahimli. Yaradıcı tərəfi çox yaxşıdı, ancaq müdafiədəki oyunu yüngül desək, qaneedici deyil.
Məhz bu mövqedə tələbkarlığı ilə bağlı fikrim odu ki, məşqçi Sadıqov meydanda futbolçu Sadıqov kimi hərtərəfli birini axtarır. Çünki gənc nəsil onu ancaq müdafiənin mərkəzində görsə də, biz Rəşadı ilk olaraq dayaq yarımmüdafiəçisi kimi tanımışıq, sonradan libero - son müdafiəçi mövqeyinə “keçid”ini izləmişik. Orda oynayanda da dəfələrlə hücuma qoşulmalarını, uzun reydlər etməsini, oyun qurucusu kimi ön plana çıxdığı qarşılaşmalara çox şahidlik etmişik (bu işi hazırda Sadıqov Ruan Renatoya tapşırsa da, braziliyalının bu işin öhdəsindən gəldiyini demək olmaz). Bir tarixi qeyd: “Bəhramov”dakı Kanalesin son dəqiqələrdə qol vurduğu məşhur “Neftçi” – “Qarabağ”matçını yadınıza salın. Rəhmətlik Böyükağa Hacıyev çilili hücumçusuna rəqib müdafiəçi - Rəşadla fərdi oynamağı tapşırmış, Sadıqovun oyun quruculuq qabiliyyətini bilərək bu addımı atmış, nəticə də qazanmışdı. Məşqçi Rəşad Sadıqov tələbkardı, oyunçu vaxtında özünə etdiyi tələbkarlığı yetirmələrinə də edir. Sadəcə iş tələb etdiyi oyunçular lazımi səviyyədə deyil. Bəlkə duruma görə davransa, maksimalizmindən imtina etsə, daha çox nəticə ala bilər. Amma bəlkə ilə iş keçmir. Reallığı müzakirə etməliyik, o da ortadadı.
Hücumdakı problemlər
Prinsipcə, hücumun arxasında oynayanlar da məşqçinin tapşırıq yükü altındadılar, amma işlərinin öhdəsindən gələ bilmirlər. Məsələn, Aleksey İsayev kimi futbolçu “Zirə”də olsaydı, biz mütləq şəkildə daha fərqli oyun izləyə bilərdik. İlk ağıla gələn Rəhim Sadıxovdu, o da sabit bir performans nümayiş etdirmir, səviyyəsi komandasının hücum dalğasını arxa xətdən rəqib qapısına sürətli və effektiv daşıya bilmir. Əksər hallarda limitə görə heyətə düşür, vinger mövqeyində oynadılır.
Hücumçuların qaçırdığı epizodlar da az deyil. Rüstəm Əhmədzadəni xüsusilə qeyd etməliyəm. Qurban Qurbanovun bu futbolçunu rahatlıqla “Zirə”yə buraxmasının səbəbi bu iki dövrədə ortaya çıxdı. Onun əldə etdiyi şanslar başqasında olsaydı, indi çempionatın bombardiri idi. Böyük ümidlərlə dəvət olunan forvard epizodları konkret sağa-sola xərcləməklə məşğuldu. Çox real, oyunların taleyini həll edəcək imkanları qaçırır. 18 oyunun hamısında meydana çıxan ön xətt oyunçusunun cəmi 2 qol vurmasına Rəşad Sadıqov necə dözür, bilmirəm. Yəqin ki, məcburdu. Paxtman, Suma, Cibrila və başqaları da xüsusi nə iləsə yadda qalmırlar, halbuki yetərincə oyun vaxtı qazanırlar.
Pressinqlə başlayan oyun, etibarsız (!) müdafiə xətti
Bəlkə də yazacağım bu cümlə sizə qəribə gələcək, amma “Zirə”nin müdafiə xətti də o qədər etibarlı deyil. Bəli, qapılarında ən az top görən komanda məhz “qartallar”dı. Ancaq yol verilən boşluqlar, kobud səhvləri nəzərə alanda fərqli fikir yürütmək lazım gəlir. Dəfələrlə demişəm, indi də təkrarlaya bilərəm ki, “Zirə”nin bu qədər az qol buraxmasının səbəbi onların etibarlı arxa xətti yox, rəqiblərin hücum xəttinin zəifliyidi. Komandalar Sadıqovun yetirmələri ilə qarşılaşmalarda əllərinə düşən real qol epizodlarının heç olmasa yarısından istifadə edə bilsəydilər, indi turnir cədvəlində fərqli duruma şahidlik edəcəkdik. Ümumiyyətlə, Premyer-Liqada qolçu (xüsusilə də yerli) problemi var və bombardirlər siyahısına baxanda bu aşkar görsənir.
Taktika baxımından daha bir qeyd olunası məqam “Zirə”nin çox nadir – iki, ya 3 matç olar - istisnalarla bütün qarşılaşmalarının startında pressinqdən istifadə etməsidi. Rəşad Sadıqovun yetirmələri kimliyindən asılı olmayaraq ilk 15-20 dəqiqə rəqib qapısında təzyiq göstərir, sonra duruma görə bu prosesi idarə edirlər. Məsələn, “Sabah”la səfər matçında bu alınmamışdı, çünki Murad Musayev özü hücum futbolu tərəfdarı, intensiv pressinq, xoşbəxtliyi mümkün qədər rəqibin cərimə meydançası həndəvərində axtaran biridi və onu öz silahıyla vurmaq üçün elə onun səviyyəsində, ya da daha yaxşı futbolçu kontingentinə malik olmaq lazımdı. “Qarabağ”da alınır, “Zirə”də isə bu, çətindi. Digər bir misal “Neftçi”di. İlk dövrədə Zirədəki matçda “ağ-qaralar” rəqibini oyun intensivliyi baxımından xeyli üstələmişdi.
Xülasə
Yuxarıda oxuduğunuz abzaslarda ziddiyyətli fikirlər tapa bilərsiz, amma “Zirə”nin oyun prinsipinin izahı budu. Ümumi rəsmi belə təsvir etmək olar: pressinqlə start, erkən qol vurmaq mümkün olarsa, hesaba görə oynamaq, olmazsa, topu özündə saxlamaq, riskə getməmək, minimum səhvlər edib rəqibin boşluq verməsini gözləmək, standart vəziyyətlər, əks-hücumlar, ələ düşən bütün imkanlarla qol vurmaq. Nəticə olaraq “Zirə”nin oynadığı futbolu elə “nəticə futbolu” və ya “risksiz futbol” adlandırmaq olar. Bunun müdafiə futbolu olub-olmadığına qərarı isə özünüz verin.
Sonda sizə “Zirə”nin bütün 18 oyununun qısa icmalını təqdim edirəm. Düşündüm ki, bu da bir fikir yaratmaq üçün köməyinizə gələr.
1-ci tur. “Qarabağ” – “Zirə” 0:1.
Çantakias, 47.
Çempionun yeni mövsümün ilk turuna köklənmə problemi, həmçinin avrokuboklara daha çox diqqət ayırmasından yararlanan “Zirə”, səliqəli oyunla ilk qələbəsini rəsmiləşdirdi. Fasiləyə qədər rəqibindən geri qalmadılar, hətta bəzi məqamlarda, xüsusilə cinahlarda üstün də göründülər. Çantakiasın 47-ci dəqiqədə vurduğu qoldan sonra isə Qurban Qurbanovun yetirmələri təbii ki, təzyiqi artırdı və Sadıqovun yetirmələri geri çəkilmək, oyunu əks-hücumda qurmalı oldular. Ümumi götürsək, “Zirə” adlı-sanlı rəqibinin kölgəsində qalmadı, haqq etdiyi 3 xalı qazandı.
2-ci tur. “Zirə” – “Kəpəz” 1:0.
Qismət Alıyev, 64.
Gəncə təmsilçisinin qapıya ilk zərbəsinin 34-cü dəqiqədə qeydə alındığı matçın birinci hissəsi tamamilə “Zirə”nin aktivinə yazıldı. Əsasən top saxlama, gəzdirmə ilə rəqibin boşluqlarını tapan “qartallar”, fasilədən sonra Qismət Alıyevin qolu ilə önə çıxdılar. Sadıqov bundan sonra da komandasının müdafiəyə çəkilməsinə imkan vermədi, güc yetdiyi qədər pressinq tətbiq edilməsini istədi. Oyunboyu üstün olan “Zirə” ikinci qələbəsini qazandı.
3-cü tur. “Səbail” – “Zirə” 1:2
Saifu Suma, 16; Filipe Paxtman, 82.
Yenə oyuna üstün başlayan “Zirə” Suma ilə hesabda önə çıxsa da, meydan sahiblərinin təzyiqi effektini verdi, müdafiədəki kobud səhvdən yararlanan Luqası bərabərliyi təmin etdi. Paxtmanın qoluna qədər azarkeşlər hər iki komandanın ifasında qarşılıqlı həmlələrin çoxluq təşkil etdiyi, aktiv qarşılaşma izlədilər desək, səhv etmiş olmarıq. Sadıqovun uğurlu əvəzetməsi matçın taleyini həll etdi.
4-cü tur. “Zirə” – “Sabah” 1:0
Vladislav Kulaç, 2.
Startda vurulan qol oyunun gedişatına təsir göstərdi. Birinci hissədə Çantakiasın dirəkdən dönən zərbəsini çıxmaq şərtilə faktiki “dişə vurulası” nəsə yox idi. Fasilədən sonra “Sabah” üstünlüyü ələ alaraq iki epizod yaxalasa da, nəticə hasil olmadı. Amin Seydiyevin qırmızı vərəqə almasından sonra isə oyun ümumiyyətlə “söndü”. Xüsusi qeyd edəcəyimiz məqam Volkovun qoluna dirəyin mane olması idi. Sona yaxın “Zirə” oyunun ipini ələ keçirərək daha bir qələbəsini rəsmiləşdirdi.
5-ci tur. “Qəbələ” – “Zirə” 1:0
Böyük enişdə olan “Qəbələ”nin milli komandalar üçün verilən fasiləyə qələbə ilə yollanmaq istəyi həlledici rol oynadı. Emil Səfərovun qolu məntiqi gedişatdan doğmasa da, fasiləyə qədər daha yaxşı oynayan tərəf məhz Elmar Baxşıyevin yetirmələri idi. İkinci hissədə “Zirə” təzyiqi artırsa da, Əhmədzadə, Cibrila, Çantakias əldə etdikləri imkanlardan yararlana bilmədilər. Amma ümumilikdə “Qəbələ” müdafiədə daha yaxşı və diqqətli oynayaraq, istədiyi nəticəni əldə edə bildi.
6-cı tur. “Zirə” – “Sumqayıt” 1:0
Məqsəd İsayev, 45+1.
Bu qarşılaşma “Zirə”nin topa sahib olma faizində rəqibindən aşkar geridə qaldığı bəlkə də yeganə qarşılaşma idi. Buna səbəb Zebliyə oyunun əvvəlində verilən yanlış (bunu AFFA-nın cəzanı sonradan iki oyundan birə endirməsinə əsasən demək olar) qırmızı vərəqə oldu. Təxminən 80 dəqiqə müdafiədə oturan, əks-hücumda şans əldə etməyə çalışan meydan sahibləri, Məqsəd İsayevin sonradan ayın ən yaxşısı seçilən qolu ilə üstünlük əldə etdi. “Sumqayıt” da sona yaxın Roy Kehatın qaçırdığı epizoddan başqa xüsusi heç nə ilə yadda qalmayınca, qarşılaşma qəsəbə təmsilçilərinin qələbəsiylə bitdi.
7-ci tur. “Zirə” – “Neftçi” 1:1
Qismət Alıyev, 44 (pen).
“Zirə” startda meydan boyu yığcam oynasa da, Matiasın qoluna mane ola bilmədi. Sonra artırılan təzyiq bir qola yetsə də, ümumilikdə oyunu “Neftçi”nin aktivinə yazmaq olar. Qonaqlar daha intensiv oynadılar, daha istəkli göründülər. Düzdü, Sadıqovun komandası da tam arxaya çəkilib hesabı qorumaqla məşğul olmadı, ancaq yenə də qonaqlar daha təhlükəli idilər. Birinci hissədə Şinyaşiki, sona yaxın Lebon qol imkanını qaçırsa da, nəticəni ədalətli saymaq olar.
8-ci tur. “Araz Naxçıvan” – “Zirə” 1:0
Meydanda göstərilən oyunla nəticə prinsipcə “Zirə”nin xeyrinə olmalı idi. Ancaq təhlükəli epizodlar, real qol şansları baxımından Azər Bağırovun yetirmələri daha ön planda idilər. Rodriges və Orxan Əliyev qola yaxın oldular. Naxçıvanlılar daha dəqiq oynadılar. Hücuma həddindən artıq aludə olmaq da qonaqların ziyanına işlədi və əks-hücumda Rodriqes oyundakı yeganə qola imza atdı.
9-cu tur. “Zirə” – “Turan Tovuz” 2:1
Salifu Suma, 34. Qismət Alıyev, 77.
Fasiləyə qədər birmənalı şəkildə rəqibini üstələyən meydan sahibləri Əhmədzadə və Renatodan fərqli olaraq dəqiq oynayan Sumanın qolu ilə önə çıxdılar. İkinci hissədə aktivləşən tovuzlularda Marandiçi Alıyevin kobud səhvindən yaralarlanıb hesabı bərbərləşdirsə də, cəmi 3 dəqiqə sonra Qismət cərimə zərbəsindən “öz səhvini düzəltdi”. Bundan sonra ehtiyatlı oynayaraq boşluq verməyən “Zirə” üçün bu oyun ilk yarının ən yaxşılarından biri oldu.
10-cu tur. “Kəpəz” – “Zirə” 0:0
Faciəvi oyun idi. Burda sizə bəzi əldə edilən epizodlar, gedişat barədə nəsə yaza bilərəm, amma ehtiyac yoxdu. Bu, nəinki meydandakı komandaların, ümumilikdə çempionatın ən mənasız, baxımsız, darıxdırıcı matçı idi. Oyun hesaba ancaq bu qədər “yaraşa” bilər.
11-ci tur. “Zirə” – “Səbail” 2:2
İssa Cibrila, 19. Rüstəm Əhmədzadə, 79.
Maraqlı qarşılaşma oldu. Rəqiblər bir-birindən çəkinmədilər, mümkün olduğu qədər rəngli futbol nümayiş etdirməyə çalışdılar. “Zirə” daha ön planda, daha yaxşı oynayan tərəf olsa da, Şahin Diniyevin yetirmələri daha effektiv olmaları ilə fərqləndilər. Xüsusilə Pananın (Valdemar Almeyda) oyunu çox yaxşı alınmışdı, Pedro Nuno isə iki qolla töhfəsini vermişdi. Oyuna “Zirə” yaxşı başladı, gözəl hücumla qol vurdu, sonra Nuno səhnəyə çıxdı və biri uzaqdan olmaqla 3 dəqiqədə iki dəfə fərqləndi. “Zirə”nin təzyiqi isə sona yaxın nəticə verdi və Əhmədzadə son nöqtəni qoydu.
12-ci tur. “Sabah” – “Zirə” 0:1
Rüstəm Əhmədzadə, 90+1.
“Sabah”ın “Zirə”yə demək olar ki nəfəs aldırmadığı 45 dəqiqə. Davit Volkov və xüsusilə Namiq Ələskərovun qaçırdığı epizodlarda qonaqların sadəcə bəxti gətirdi. Üstəlik, hissənin sonuna yaxın “futuristlər”in azlıqda qalması da Sadıqovun işinə yaradı. Bundan sonra ip qonaqların əlinə keçdi və daha diqqətli oynayan, bir nəfər az olmalarına baxmayaraq qələbəyə üçün irəli atılan “Sabah”ın son saniyələrdəki səhvindən yararlanaraq qələbəni bayram etdilər.
13-cü tur. “Zirə” – “Qəbələ” 1:0
Qismət Alıyev, 65 (pen.)
Ümumilikdə darıxdırıcı matç alındı. Yenə də oyuna aktiv başlayan və topa daha çox nəzarət edən tərəf “Zirə” idi, bir neçə epizod da əldə etdilər, onların arasında Rəhim Sadıxovun qaçırdıqlarını qeyd etmək olar. “Qəbələ”nin xal və ya xallar qazanmaq niyyəti görünsə də, bunun üçün yalnız qapısında qol görəndən sonra xüsusi fəallıq nümayiş etdirdi. “Qırmızı-qaralar” ən real şansı oyuna əlavə edilmiş dəqiqələrdə əldə etdilər, onda da Tyaqonun çıxışdakı səhvindən sonra Lukoviçin topun boş qapıya getməsinə mane oldu.
14-cü tur. “Sumqayıt” – “Zirə” 0:0
“Gənclər şəhəri”ndə yaxşı matç izləmək üçün tribunalara gələnlər istədiklərini ala bildilər. Xüsusilə ilk yarı çox maraqlı, sürətli alındı. Eldar Quliyev və Qismət Alıyev, Kamran Əliyev, Erik Sorqa, Səbuhi Abdullazadə digər tərəfdən real şansları boşa verərək komandalarını bəlkə də qələbədən etdilər. İkinci hissədə aktivlik nisbətən zəifləsə də, ümumi gərginlik sona qədər qaldı.
15-ci tur. “Neftçi” – “Zirə” 1:0
Oyundakı yeganə şansını qola çevirən “Neftçi” bu qələbə üçün qonaqların hücumdakı bacarıqsızlığına minnətdar olmalıdı. Bəstəboy Rəhman Hacıyevin başla qol vurması, özü də buna çox rahat imkan vermələri, “Zirə”nin müdafiə xəttinin böyük bir mənfisi oldu. Komandasına top saxlamağı, əks-hücumda oynamağı tapşıran Adrian Mutu ümumilikdə istəyinə nail olsa da, bəxt də öz rolunu oynadı. Əhmədzadə, Çantakias və Renato aşkar epizodlarda çərçivəni düz nişan ala bilmədilər. Rəşad Sadıqovun yetirmələri futbolla rəqibindən bəlkə də bir baş üstün olsalar da, bu üstünlüyü tabloda əks etdirə bilmədilər.
16-cı tur. “Zirə” – “Araz Naxçıvan” 0:0
Bu matçda tərəflər “şən oyun” imitasiyası ilə məşğul oldular. Startda və sona yaxın aktivləşən komandalar Əhmədzadə və Orxan Əliyevlə qola yaxın olsalar da, ümumi mənzərə çox da rəngarəng deyildi. FİFA-nın sabiq baş katibi Fatma Samuranın da izlədiyi qarşılaşma üstünlüyün əldən-ələ keçdiyi, amma bundan yararlanılmaması ilə xatırlanacaq. VAR-ın da iki epizodda işə düşdüyünü, doğru qərarlarla Əhmədzadənin qolunun ofsayd olaraq ləğv edilməsi və Orxan Əliyevə görə penalti təyin edilməməsi ilə yadda qaldığını da qeyd edək.
17-ci tur. “Turan-Tovuz” – “Zirə” 1:0
Rəşad Sadıqovun ilk dəfə taktiki dəyişikliyə getdiyi və üçlü müdafiə oynatdığı (öncədən deyim ki, bu dəyişiklik xüsusi olaraq heç nə vermədi, oyun tərzində fərq hiss olunmadı) qarşılaşma sürətli başlasa da, 45 dəqiqə ərzində yalnız Otto Con və Ayxan Hüseynovun şanslarını qeyd etmək olar. Fərid Nəbiyevin əks hücum zamanı uzaqdan zərbə ilə Tyaqo Silvanın hazırlıqsız yaxalaması qolu gətirdi və “Zirə” bundan sonra tam gücü ilə irəli atılmalı oldu. Sona yaxın Kulaç, Renato və Cibrila fərqlənmək imkanını boşa verdilər.
18-ci tur. “Zirə” – “Qarabağ” 0:1
Son çempionun oyundakı üstünlüyü ələ alması təxminən yarım saat çəkdi və onun sonunda Juninyo komandasının yeganə qoluna imza atdı. Oyunboyu Qurban Qurbanovun yetirmələrinə qarşı müdafiəyə oturmaq istəməyən “Zirə” fəallıq nümayiş etdirirdi. Ancaq daha usta futbolçulardan formalaşan “Qarabağ” Andrade, Zubir və Bəhlulla fərqi artırmağa yaxın oldu. Meydan shaibləri də bekar deyildilər və künc zərbəsi zamanı Stefan Akanın başla zərbəsini Elvin Cəfərquliyev boş qapıdan çıxartdı. Ümumilikdə, “Zirə”nin aktivliyi fonunda qonaqların qələbəsi qanunauyğun sayıla bilər.
Kənan Məstəliyev, “Rekord.az”