Əlahəzrət "Qarabağ" gücü elə bir səviyyədədi ki, daxildə ona rəqib tapmaq yumşaq desək, çətin məsələdi. Ona görə ən yaxın düşənə baxmalıyıq. Bu da "Zirə"di. Bu mövsüm yalnız “Qarabağ”dan geri qalan komanda məhz “qartallar” oldu. Həm çempionatda, həm də kubokda (düzdü, hələ final var, amma bu, mahiyyəti dəyişmir). Az bir şey deyil. 

 

Rəşad Sadıqov və komandası mövsümə damğasını vurdu desək, yanılmarıq. 

 

Aktivindəki cəmi 33 topla Avropa Liqasına vəsiqə qazandı, özündən daha böyük büdcəyə malik “Sabah” və “Neftçi”ni üstələdi. Nə deyirsizsə-deyin, hörməti haqq edən durumdu. 

 

Oyun tərzi baxımlı deyil? Baxımlı olanlar neçənci yerdədi, hardadı? 

Çox qol vurmur? Vuranlar neçənci yerdədi, hardadı? 

2-ci pillə və Avropa Liqasına vəsiqə uğurdumu? Şəkk-şübhəsiz, hə. Artıqlaması ilə. 

 

Ötən dəfə də yazmışdım: bir çempionatda bütün komandalar hücum futbolu, daimi pressinq, nə bilim ideal oyun nümayiş etdirə bilməz. Kimsə də müdafiədən, daha doğrusu praqmatik oynamalıdı, kimsə gününü hücumda keçirməlidi, kimisə də başqa cür. Premyer-Liqa bir yarışdı, marafondu və biz buna məhz bu baxımdan diqqət yetirməliyik. Fakt bu marafonu Rəşad Sadıqov qalib tamamladı (“Qarabağ” bütün misal, məsələ, nümunələrdə istisnadı).

 

Avrokuboklarda necə oynayacaq? Ona da baxacağıq. Mən bizi başıaşağı eləməyəcəyini düşünürəm. Qrupa düşməsə də, KL-də pley-off şansı var və ora qədər irəliləyə bilər. Bilməsə də dünyanın sonu olmayacaq, çünki ona qədər kim daha çoxuna nail olmuşdu ki, “Zirə”nin də “xirtdəyindən yapışaq”? 12 il əvvəl “Neftçi” idi, 7-8 il əvvəl də “Qəbələ”, qurtardı getdi. Başqa kim olubsa, aşağı-yuxarı eyni cür çıxış edib, yenə də “Qarabağ” istisna olmaqla. 

 

Rəşad bu mövsümlük işinin öhdəsindən artıqlaması ilə gəldi. Kuboku da qazansa, lap əla olacaq, amma olmasa da, bu, qeyd olunan tezisi dəyişməyəcək. 

 

Gələn mövsüm isə daha çətin olacaq. Çünki biz, bütün futbol ictimaiyyəti Sadıqovdan daha çoxunu tələb edəcəyik. Çünki buna gücünün də, potensialının da olduğunu bilirik.

 

Hələliksə, təbriklər, "Zirə", təbriklər Rəşad Sadıqov!

 

Kənan Məstəliyev, "Rekord.az"