"Zirə"nin çernoqoriyalı qapıçısı: "Beqoviç "Qarabağ"da oynadığı üçün..." MÜSAHİBƏ
- 11 Noy 2019 15:21
- 879
"Zirə"nin qapıçısı Boyan Zoqoviç Premyer Liqanın 11-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- "Zirə"nin "Qarabağ"dan xal alması sensasiya kimi qiymətləndirilir. Bununla razısan?
- Çox gərgin oyun oldu, bizim üçün böyük matç idi. Azərbaycan Premyer Liqasının ən yaxşı komandasına qarşı oynadıq. Yaxşı oyun oynadıq və vacib bir xal qazandıq. İlk hissədə o qədər də yaxşı oynamadıq. İkinci yarıda daha yaxşı idik.
- Yeni baş məşqçinizin gəlişindən sonra ardıcıl xallar qazanmağa başlamısınız. Zaur Həşimovun gəlişi komandada nəyi dəyişib?
- Yeni baş məşqçinin gəlişindən sonra ilk oyunumuzu "Sabah"a qarşı oynamışdıq. Layiqli mübarizə aparmışdıq. Amma qələbə qazana bilmədik. "Sumqayıt"la oyunumuz yaxşı alınmasa da, bir xalı qazandıq. Bu dəfə isə "Qarabağ"dan bir xal götürdük. Xarakterdə dəyişiklik olduğunu düşünürəm. Qış fasiləsinə qədər bizi üç final oyunu gözləyir. Hər şey mümkündür.
- "Qarabağ"la ilk dövrədəki oyundan sonra Asmir Beqoviçin yaxşı qapıçı olduğunu demişdin. Bosniyalı son matçlarda çox qol buraxır. Onun barəsindəki fikirlərində qalırsan?
- Bu sözləri Beqoviç dostumdur deyə demirəm, amma o, İngiltərə Premyer Liqasını görmüş, nəinki Azərbaycanın, hətta dünyanın ən yaxşı qapıçılarındandır. Düzdür, Riçard Qadze ona qol vurdu. Amma unutmayaq ki, Qadze də keyfiyyətli futbolçudur. Asmirin "Qarabağ"da işi elə də çox deyil. Digər qapıçıları bilmirəm, məsələn, mən “Zirə”də hər oyun 4-5 “seyv” edirəm. Amma Beqoviç "Qarabağ"da oynayır deyə, “seyv”ləri az olur.
- Fasilə sizin üçün mənfi olacaq, yoxsa müsbət?
- Bu oyundan sonra iki gün istirahətimiz olacaq. Daha sonra məşqlərə başlayacağıq. “Keşlə”yə qarşı çətin oyunumuz olacaq. Hər halda həmin oyundakı xallar bizim üçün çox vacib olacaq.