"Zirə"nin haqqını tapdalayan hakim cəzalanmayacaq
- 22 Avq 2021 18:00
- 629
Azərbaycan premyer-liqasının 1-ci turunun “Zirə” - “Qarabağ” matçında qalmaqal yaşandı.
Rekord.az xəbər verir ki, 52-ci dəqiqədə meydan sahibləri hesabda önə keçdilər.
Lakin Davit Volkovun qolu qeydə alınmadı. Baş hakim Rauf Cabbarov yan xətt hakiminin xəbərdarlığından sonra oyundankənar vəziyyət qeydə aldı. Lakin epizodun təkrarına baxanda qolun qaydalar çərçivəsində vurulduğu aşkar görünür.
Hətta AFFA Hakimlər Komitəsinin sədri Frist Stuxlik də qurumun rəsmi “feysbuk” səhifəsinə bu barədə açıqlama vermişdi:
“Yeni mövsümün başlaması münasibətilə futbol ictimaiyyətini təbrik edirəm. Artıq ilk turda maraqlı oyunların və nəticələrin şahidi olduq. Əlbəttə, Hakimlər Komitəsi olaraq ən böyük arzumuz bütün qarşılaşmaların ədalətli oyun ruhunda keçməsi, qəbul olunan qərarların düzgün olmasıdı. VAR sisteminin tətbiq olunması ilə bağlı işlərimiz davam edir və mümkün qədər qısa zamanda sistemin tətbiqinə çalışacağıq. Məsələn, dünən keçirilən “Zirə” – “Qarabağ” oyunundakı ofsayd epizodunda VAR sistemi düzgün qərarın qəbul olunmasında hakimlərə kömək edə bilərdi. Qısa müddət ərzində Hakimlər Komitəsinin fəaliyyəti, hakimlərin qərarları, peşəkar hakim statusunun tətbiqi ilə bağlı yeni xəbərlər barədə daha şəffaf, daha geniş şəkildə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağıq”.
Beləliklə, bu fikirlərdən sonra Rauf Cabbarovun cəzalanacağını gözləmək olardı. Bu məqsədlə avstriyalı mütəxəssisin rəsmi elektron ünvanına məsələ ilə bağlı sual ünvanladıq. Sualımız yetərincə sadə idi. Stuxlikdən “Zirə” - “Qarabağ” matçından qolun qeydə alınmamasına görə Rauf Cabbarovun cəzalanıb-cəzalanmayacağını soruşduq. Hakimlər Komitəsinin sədrinin cavabı belə oldu:
“Qarşılaşmaya nəzarət edən rəsmilər heç vaxt oyun ərzində etdikləri səhvlərə görə cəzalanmırlar. Çünki onlar insandılar”.
Beləliklə, bu açıqlamadan anlaya bilərik ki, Rauf Cabbarov cəzalanmayacaq. Bu məsələdə tək zərər görən “Zirə” oldu. “Qartallar”ın haqlı qolu sayılmadı və “Qarabağ” üzərində ilk qələbəsini qazanmaq. ("Futbol plus")