“Zirə”nin mozambikli futbolçusu Klesio Bauk koronavirusa yoluxub.

Rekord.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin testi millinin düşərgəsində olarkən müsbət olub.

Onunla birlikdə daha 7 oyunçu, bir texniki heyət üzvü və yığmanın həkimində infeksiya aşkarlanıb. Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.

“Zirə”nin Mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, futbolçu növbəti dəfə testdən keçəcək və müsbət olacağı təqdirdə, karantində qalmağa davam edəcək: "Bauk sağaldıqdan sonra Bakıya qayıda və komandaya qoşula bilər".

Qeyd edək ki, Mozambik yığması noyabrın 16-da Afrika Millətlər Kubokunda evdə Kameruna 0:2 hesabı ilə uduzub. Bauk və virus aşkarlanan digər futbolçular qarşılaşmada iştirak etməyib.