“Zirə” Azərbaycan Premyer Liqasının XV turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub edərək ardıcıl 5-ci ev oyununda qələbə qazanıb. 

Rekord.az xəbər verir ki, “qartallar” üçü çempionat, ikisi Azərbaycan kubokunda olmaqla öz meydanındakı son beş görüşdə qalib gəlib. Bu qələbələrdən biri əlavə vaxtda əldə olunub.

Evdəki son itki 2019-cu il noyabrın 3-də qeydə alınıb. Həmin gün komandamız “Sumqayıt”la çempionat matçında heç-heçə edib – 2:2. Ardınca Premyer Liqada “Keşlə” (3:1) və “Səbail” (4:1), kubokda “Qaradağ-Lökbatan” (4:0) və “Səbail” (1:0, əlavə vaxtda) üzərində qələbələr qazanılıb. “Sabah”la görüşdə isə bütün turnirləri əhatə edən seriya 5-ə çatıb.

Bu, “Zirə”nin tarixində yeni rekorddu. “Qartallar” indiyədək heç vaxt ardıcıl 5 ev qarşılaşmasında qələbə qazanmamışdı. Bunadək ən yaxşı nəticə 2015-2016-cı illərə təsadüf edirdi. Həmin vaxt komanda ardıcıl 4 görüşdə qalib gəlib.