Zirvəyə addımlayan pələng
- 30 İyn 2022 15:46
- 2826
Qələbə çətin qazanılan, böyük əziyyətin sonunda gələn bir məhfumdur. Kimsə birdən, ilk cəhddəcə onu qazana bilmir. Çətinliklərlə dolu bir yolun sonunda əldə edilən zəfər isə xüsusilə şirindir. Bu gün Azərbaycan cüdosunun liderlərindən olan Məmmədəli Mehdiyev də belələrindəndir. Karyerası boyu həm döşəkdə, həm də ondan kənarda bir çox çətinliklərlə mübarizə aparmış idmançı, son illərdə istəyinə nail olmağa başlayıb. Çoxsaylı uğurları onu öz çəkisində dünya reytinqinin liderləri sırasına gətirib çıxarıb. Qalır bu uğuru saxlamaq, möhkəmləndirmək və məntiqi sonluğa çatdırmaq. Və bu güc onda var. Bu yazıda sizə məhz ondan – təcrübəli cüdoçumuz Məmmədəli Mehdiyevdən söhbət açacağıq.
Atadan oğula
Məmmədəli 1993-cü il aprelin 9-da qədim Xilə, başqa adı ilə Əmircanda anadan olub. Düzdü, hələ uşaq olarkən ailə olaraq şəhərin daha içərisinə “8-ci kilometr”ə köçsələr də, gələcəyin çempion cüdoçusu doğma kəndinə bağlılığını unutmayıb, ona sadiq qalıb. Əsl bakılı, əsl Əmircanlılığını danışığında, itməyən ləhcəsində, davranış və hərəkətlərində, təvazökarlığında saxlayıb. Cüdo isə... Cüdoya isə atasının vasitəsilə gəlib. Bu idman növünü sevən və övladının da onun yolunu getməsini istəyən ata Mehdiyev, öz məşqçisi Tərlan Həsənova oğlunu da etibar edib. 4 yaşından cüdoya başlayan Məmmədəli bir müddət sonra futbola meyl edib, özünü burda da sınayır. Ancaq cüdo sevgisi yenə də qalib gəlir və yol müəyyən edilir: Mehdiyev güləşəcək!
İdman ön plana
Amma bir məsələ vardı: həm idman, həm də təhsili ayrı-ayrılıqda davam etdirmək mümkün deyildi və seçim edilməli idi. Əslində, ən doğru qərar qəbul edildi və Mehdiyev idman təmayüllü məktəbə keçərək iki istiqaməti birdən davam etdirə bildi. Bunun nəticəsi idi ki, uğurlar yavaş-yavaş da olsa, gəlməyə başladı. Yeniyetmələrin Azərbaycan birinciliyindəki bürünclə başlayan karyera böyük qələbələrə doğru yönəldi. Amma idman ön planda olsa da, təhsil də yaddan çıxmadı. Mehdiyev tatami ilə yanaşı, dərs otağını da eyni uğurla fəth edib və ali təhsil diplomuna da yiyələnib. O, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.
Qələbələr, medallar, fəxri kürsülər...
Qısa müddətdə beynəlxalq arenada yığmamızı təmsil etməyə başlayan cüdoçumuz dünyanın bir çox məkanlarında medal mübarizəsi aparıb. Uğurları çoxdur. Ona görə də bu abzası oxumaq və onun bütün nailiyyətlərindən xəbərdar olmağınız üçün səbrli olmağınız gərəkəcək. Mehdiyev Azərbaycan çempionu, 2012-ci il Bakı Qran-Prisi, 2013-cü il Avropa Tbilisi Opendə və həmin ilki Kazan Universiadasında bürünc mükafatçı (bu ildə o həm də gənclər arasında Avropa və dünya birinciliyinin bürünc mükafatçısı oldu), 2014-cü ildə Bakıda təşkil olunan “Böyük Dəbilqə”nin bürünc, Cənubi Koreya Jejusunda Qran-Pridə gümüş mükafatçı, 2015-ci ildə Port-Luidəki Afrikan Opendə bürünc, Okeaniya Opendə qızıl, 2016-cı ildə Praqada keçirilən Avropa Kubokunun sahibi, Kazanda keçirilən Avropa çempionatının komanda hesabında bürünc, Mərakeşdəki Afrika Opendə və Samsun Qran-Prisində gümüş, Almatı Qran-Prisində isə bürünc medalçı olub. O, 2017-ci ildə Bakıda keçirilən “Böyük Dəbilqə”də gümüş medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının isə həm 90 kq çəki dərəcəsində fərdi, həm də komandada qalibidir. Həmin il Əbu-Dabi Qran-Prisinin bürünc, 2018-ci ildə Antalya Qran-Prisində bürünc, Saarbrükkendəki Avropa Kubokunun qızıl, Əbu-Dabi və Zaqreb Qran-Prilərinin bürünc, Daşkənd Qran-Prisinin qızıl medal əldə edən Məmmədəli, 2019-cu ildə Minskdə keçirilən 2-ci Avropa Oyunlarının bürünc mükafatçısı, həmin il Təl-Əviv Qran-Prisində bürünc, Düsseldorfda “Böyük Dəbilqə”də qızıl, Bakıdakı “Böyük Dəbilqə”də gümüş, 2020-ci ildə Praqda keçirilən Avropa çempionatında və Macarıstan “Böyük Dəbilqə”sində bürünc mükafatçı olub. 2021-ci ildə Zaqreb Qran-Prisində qızıl və Bakı “Böyük Dəbilqə”sində gümüş, bu ilin əvvəlində Parisdəki “Böyük Dəbilqə”də gümüş, İsrailin Təl-Əviv çəhərində təşkil olunan analoji yarışda isə qızıl medala sahib çıxa bilib. Ötən ay isə Avropa çempionatında Məmmədəli bürünc medalla fərqlənə bilmişdi.
Reytinq lideri
Yuxarıda sadaladığımız nailiyyətlər nəticəsiz qalmayıb və Məmmədəli Mehdiyev hazırda 90 kq çəki dərəcəsində reytinq liderlərindəndi. Özbəkistanlı Davlat Bobonovla sıx mübarizədə olan həmyerlimiz cəmi 157 xallıq kiçik fərqi rahatlıqla aradan qaldıra bilər. Necə ki, bir müddət əvvəl məhz Mehdiyev bu reytinqə başçılıq edirdi. Cüdoçumuz rəqabətədavamlı olduğunu dəfələrlə sübut edib və bunu etməkdə hazırda da davam edir.
3-cü Olimpiadaya doğru
Uğurla yanaşı uğursuzluqlar da var. Bu günə qədər iştirak etdiyi iki Olimpiya Oyunlarında fəxri kürsüyə qalxa bilməməsinə səbəb sağlamlıqla bağlı çətinliklər olub. 2015-ci ildə - Bakıda keçirilən I Avropa Oyunlarından öncə çiynindən zədə alan Mehdiyev tam gücüylə mübarizə apara bilmir. O, Rio-2016-da rusiyalı Kiril Denisov və meydan sahibi braziliyalı rəqibi Tyaqo Karnilonu mübarizədən kənarlaşdıraraq 1/4 finala adlayır. Burda isə cənubi koreyalı Qvak Donq-Hana uduzan Məmmədəli, təsəlliverici döyüşdə monqolustanlı Lxaqvasürengin Otqonbatara məğlub olaraq, yarışı medalsız başa vurur. Tokio-2020-də isə koronavirus pandemiyası təsirsiz ötüşmür. Mehdiyev 1/16 final mərhələsində qazaxıstanlı İslam Bozbayevi qızıl xalla qalib gəlib, ancaq sonrakı mərhələdə rusiyalı Mixail İqolnikova uduzaraq mübarizəni dayandırır. Üfüqdə Paris-2024 var və idmançının heç bir problemi yoxdur. Öz çəkisində reytinq lideri olan Məmmədəli Mehdiyev Olimpiya Oyunlarında uğursuzluqlarına son qoymağa iddialıdır və bunu bacaracağına şübhə yoxdur.
Tatamidə əsl döyüşçü
Məmmədəli Mehdiyevin maraqlı döyüş tərzi var. Boyunun və ayaqlarının uzunluğu ona istənilən rəqib üzərində üstünlük əldə etmək imkanı verir. Təbii ki, bunun mənfi tərəfləri də var. Bu komplektasiyada – 190 sm boy və 90 kq çəki – olan idmançının əks fəndlərə yaxalanma ehtimalı böyükdü. Necə ki, belə məqamlar az olmayıb. Amma məsələ təkcə bunda deyil. Xüsusilə yeniyetmə və gənclik dövrlərində emosionallığı onun zəif tərəfi olub. Gücünü ilk saniyələrdən ortaya qoyan və qələbəni çox tez qazanmaq istəyən Məmmədəli, tez-tez bu hücumameylli tərzinin qurbanı olub. Rəqiblər bu tərzi sezərək müdafiədə oturub və əks-hücumlarla istəklərinə nail olublar. Amma təcrübə də yavaş-yavaş öz sözünü deyib. Mehdiyev yarışdan-yarışa, turnirdən-turnirə daha təmkinli, daha ağıllı və səbrli davranmağı öyrənib. İlk illərdə əziyyət çəkdiyi fiziki hazırlıq problemi də tədricən aradan qalxıb. Məmmədəli qüvvəsini bütün görüş boyuna yaymağı, ondan səmərəli istifadə etməyi öyrənib. Onun karyerasındakı ən böyük uğurların məhz son illərə təsadüf etməsi də bunun sübutudu. Öz çəkisinin reytinq lideri olmaq sadəcə güc, texnika, sürətlə yox, həm də ağıllı mübarizə aparma qabiliyyətli ilə mümkün olur. Konkret fəndlərə gəlincə, yuxarıda da qeyd etmişdik ki, Mehdiyev boy və ayaqlarının uzunluğundan lazımınca yararlana bilir. Xüsusilə öndən və yandan badalaq fəndləri uğurlu alınır, rəqiblərini çaş-baş sala bilir. Üstəlik, öz şansını maksimum səbrlə gözləməsi və ani fənd tətbiq etməsini də qeyd etmək lazımdı. Mehdiyevin bu məqamlardakı sürəti pusqudan gözləyən pələngin sıçrayışı effektini verir. Belə anlarda o qarşısıalınmaz olur.
Portret
“Tərlan Həsənov çempionluq medalına layiq məşqçidir. Əlimizdən gələni edəcəyik ki, həmin medalı onun boynuna asaq. Allah o günü bizə qismət eləsin”. Məmmədəli Mehdiyevin sözləridi. Ona cüdonun sirlərini öyrədən, ondan yüksək səviyyəli idmançı yetişdirən məşqçisinə bir təşəkkür borcu var ki, onu da unutmur və bunun üçün hədəfə doğru irəliləyir. Yüksək mənəvi dəyərlər idmançı üçün vacib xüsusiyyətlərdir, qələbənin açar və təməl meyarlarıdır. Zəfər isə uzaqda deyil. Ağır çəkili idmançı zirvəyə doğru yavaş-yavaş, addım-addım irəliləyir. Bu yorğunluq və ya zəiflik əlaməti deyil. Bu, müdriklik, ağıl, zəfər ovuna çıxmış bir pələngin son həmləyə hazırlığıdır. Vaxtı çatan kimi o həmlə ediləcək və Bakıdan Parisə uzanan o uzun yüksəliş öz məntiqini sonluğuna çatacaqdır. Məmmədəli Mehdiyev buna hazırdır.
Kənan Məstəliyev, Rekord.az