Zubir: "O vaxt Mbappe mənimlə şəkil çəkdirmək istəyirdi, indi isə mən onunla" MÜSAHİBƏ
- 02 Noy 2019 11:00
- 986
"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Premyer Liqanın X turunun "Neftçi" ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Bu gün çoxları "Qarabağ"dan qələbə gözləyirdi. Niyə alınmadı?
- Çünki güclü rəqibə qarşı oynadıq. Ümumiyyətlə, heç bir oyundan əvvəl demək olmaz ki, "Qarabağ" çıxıb qələbə qazanacaq. Düzdür, ilk hisədə bir az fərqli oynadıq, qol imkanlarımız da var idi. Xeyli güc sərf etdiyimizdən ikinci yarıda müdafiə olunduq. Onlar da bizim kimi qələbə qazanmaq istəyirdilər.
- Avroliqanı da saysaq, son 4 oyunda cəmi 1 qələbə qazanmısız. İlk 7 turda maksimum nəticə qazanan "Qarabağ"ı görmürük...
- Heç bir şey baş verməyib. Biz ənənəvi oyunumuzu göstəririk. Hər matçı qazanmaq olmur. Nəzərə almaq lazımdır ki, rəqiblərimiz də asan deyil.
- Qarşıda APOEL-lə oyun var. Çempionlar Liqasının III təsnifat mərhələsinin Nikosiyada keçirilən ilk matçında çox yaxşı təsir bağışlamışdız. Ancaq Kipr klubu ilə sonrakı 2 qarşılaşmada rəqib sizi tam zərərsizləşdirə bildi. Bu vəziyyətdən necə çıxmağı düşünürsüz?
- Özünüz də qeyd etdiz ki, birinci oyunda yaxşı oynamışdım. Yəqin ki, mənim oyunumu tam analiz ediblər. Hər dəfə onlara qarşı mübarizə daha çətin olur. Çünki qapanırlar, boşluq vermirlər. Bu səbəbdən bizə öz oyunumuzu göstərmək çətindir.
- APOEL-lə budəfəki görüş həlledici olacaq. Buamil üzərinizdə təzyiq yaratmır?
- Ölkənin bizdən gözləntilərini başa düşürük. Bilirik ki, vacib oyundur. Komandada kifayət qədər təcrübəli futbolçular var. Bu cür oyunları çox görmüşük. Əlimizdən gələni edəcəyik.
- Bir neçə gün öncə saytımızda keçmiş fotonuz yayımlanmışdı. Maraqlıdır, arxasında dayandığınız futbolçu Kilian Mbappedir?
- Bəli, həmin uşaq Mbappedir. Parisdə bir akademiya var. Ölkənin ən yaxşıları orada yığışırdı. O vaxt futbolçular da orada idi. Deyirdilər ki, biz millinin fanatıyıq. Soruşmuşdular ki, sizinlə şəkil çəkdirmək olar. İndi isə vəziyyət fərqlidir. Biz onunla şəkil çəkdirmək istəyirik (gülür).
- Necə düşünürsüz, hazırda Mbappe sizi görsə, tanıyar?
- (gülür) Xeyr, həmin vaxt onun 12-13 yaşı var idi.