Zubir "Sivasspor"un təklifindən imtina edib
- 07 Fev 2021 17:00
- 789
Xəbər verdiyimiz kimi, Premyer-liqanın lideri olan “Qarabağ” Abdulla Zubirlə müqaviləni yeniləyib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Ağdamlılar 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalayıb. Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir. Fransalı futbolçunun əvvəlki müqaviləsi bu ilin iyuluna qədər idi.
Rekord.az xəbər verir ki, Zubir “instaqram” səhifəsində komandası ilə müqavilə yeniləməsinə münasibət bildirib: “Möhtəşəm komanda olan “Qarabağ”la yenidən saziş bağladığıma görə xoşbəxtəm. Klubda çalışanlara, azarkeşlərə, ailəmə təşəkkürümü bildirirəm. 3 ildi mənim üçün inanılmaz işlər görən menecerim Sem Nordinə minnətdaram. Həmçinin xüsusi təşəkkürümü Asif Əsgərova bildirirəm”.
Mərakeşəsilli fransalının “köhlən atlar”la müqaviləsinin detalları ilə bağlı redaksiyamıza məlumat daxil olub. 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”da qalmaq üçün bir çox təklifdən imtina edib. Ən real variant qardaş ölkədən olub. Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Sivasspor” Zubiri transfer etmək niyyətində olub. Lakin həm müqavilənin şərtləri, həm də komandanın superliqadakı vəziyyəti yarımmüdafiəçini razı salmayıb. Fransalı yüksək maaş təklifinə rəğmən, keçidə razılıq verməyib. Və “Qarabağ”ın yeni müqavilə istəyini müsbət qarşılayıb. Yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində ən çox maaş alan futbolçulardan biridi. Fransalı yeni müqavilənin 3 illik olduğunu nəzərə alaraq, məvacibində endirimə də razılıq verib. Buna səbəb ağdamlıların çempionluq uğrundan mübarizə aparması və “köhlən atlar”ın heyətində daim avrokuboklarda oynaması olub. ("Futbol plus")