Eyfel qülləsinin banket zalı... - YAZI
- 2022-12-09 17:00
- 391
Futbol üzrə müxtəlif turnirlər mövcuddur: söhbət həm klub, həm də milli seçmə komandaların yarışından gedir. Rekord.az xəbər verir ki, onlardan biri də Avropa çempionatıdır. Səviyyəsinə, daha dəqiq desək, əhatə dairəsinin məhdudluğuna görə, yalnız dünya çempionatından geri qalan 4 ildən bir keçirilən bu turniri azarkeşlər böyük səbirsizliklə gözləyir. Özü də təkcə Avropada deyil, planetin hər guşəsində. Qarşıdan qitə birinciliyinin növbəti final mərhələ yarışları gəlir. Məlum olduğu kimi, tarixində ilk dəfə turnirə Portuqaliya ev sahibliyi edəcək. İndilikdə Avropanın 50 milli seçmə komandası həlledici yarışlara 15 vəsiqə uğrunda mübarizə aparır. İlk Avropa çempionatı isə 44 il əvvəl - 1960-cı ildə Fransada təşkil edilib və 70 il Azərbaycanın da daxil olduğu SSRİ-nin qələbəsiylə başa çatıb. Bugünkü söhbətimiz həmin nailiyyət barədədir.
Təklifə 27 ildən sonra baxıldı
İndi Avropa çempionatı kimi tanıdığımız turnirin keçirilməsi ideyası Fransa Futbol
Federasiyasının keçmiş baş katibi Anri Delona məxsusdur. O, 1927-ci ildə adıçəkilən yarışın
təşkili ilə əlaqədar təkliflə beynəlxalq federasiyaya müraciət edir: amma o vaxt FİFA-da regional
turnirlərin keçirilməsi haqda düşünmürdülər. A.Delonun layihəsinə isə 1954-cü ildə, başqa sözlə,
Avropa ölkələrinin futbol təşkilatlarını birləşdirən UEFA təsis olunduqdan sonra baxıldı. Avropa
Kuboku uğrunda ilk turnirin təşkili haqda qərar 1958-ci il avqustun 6-da qurumun Stokholm
konqresində verilir. Qalibi mükafatlandırmaq üçün Kubokun müxtəlif variantları nəzərdən
keçirilir, ancaq heç biri qəbul olunmur. Bu zaman futbol üzrə Fransa kubokunun müəllifi,
məşhur usta M.Şobiyona üz tuturlar: fəxri mükafatın layihəsini hazırlamaq tapşırılsa da, o,
sifarişçilərə Avropa Kubokunun orijinal nüsxəsini təqdim edir və UEFA rəsmiləri tərəfindən
birmənalı şəkildə bəyənilir.
Kubokun sahibi
Avropa Kuboku qədim yunan amforasını (ikiqulplu, boğazı dar qab) xatırladan formada xalis
gümüşdən tökülüb və böyük mərmər oturacağa bərkidilib. Qarşı tərəfi eramızdan əvvəl IV əsrə
aid olan barelyefin reproduksiyası ilə bəzədilib, üzərində isə topla jonqlyorluq edən bir gəncin
surəti həkk olunub. Qaydaya görə, Kubokun orijinalı müvəqqəti olaraq, daha dəqiq desək,
növbəti turnirədək, indiki anlamda Avropa çempionu adını daşıyan ölkədə saxlanılır. Birinci yeri
tutan komandanın üzvlərinə qızıl medallardan savayı, mükafatın miniatür nüsxəsi də təqdim
olunur. Sonralar turnirin təşkilatçısının xatirəsini ədəbiləşdirmək məqsədilə "Anri Delon
Kuboku" adlandırılan yarış, 1968-ci ildən Avropa çempionatı adıyla keçirilir.
İlk ünvan - Paris
İlk Avropa Kuboku yarışlarında qitənin 17 ölkəsi iştirak etmək istədiyini bildirir: mübarizəyə
qoşulmaq istəyənlər arasında SSRİ-nin də adına rast gəlirik. Müraciət edənlərin sayı çox
olduğundan təşkilatçılar seçmə oyunlar keçirməyi qərara alırlar. SSRİ futbolçuları ilk görüşü
1958-ci il sentyabrın 28-də Moskvadakı "Lujniki" stadionunda Macarıstan kollektiviylə keçirir.
Meydana qələbə əzmi ilə çıxan sovet idmançıları nəyə qadir olduqlarını göstərmək istəyirlər.
Xüsusilə, hücum xəttinin oyunçuları - Metreveli, İvanov və... həmyerlimiz Ələkbər Məmmədov!
Görüşü əvvəldən-axıradək yüksək ovqatla keçirən SSRİ komandası 3:1 hesabı ilə qalib gəlir:
topları İlyin, Metreveli və Valentin İvanov vurur, macarlardan isə Gereç fərqlənir.
Təkrar oyun düz bir ildən sonra Budapeştdəki "Nepştadion"da keçirilir: aeroportda yerli
azarkeşlər SSRİ futbolçularını, üzərində 3:0 və 4:1 yazılmış plakatlarla qarşılayırlar. "Frans-
futbol" həftəliyinin 1959-cu ildə keçirdiyi sorğunun yekunlarına görə, Macarıstan komandası
Avropada birinci yerdə idi. Onlar heyətdə əsaslı dəyişiklik etməklə məğlubiyyətin əvəzini
çıxmağa çalışırlar - təcrübəli Qroşiç, Bojik, Tixi ilə yanaşı, gənc istedadlar Albert və Şandorun
da gücündən istifadə etmək qərara alınır. Görüşün birinci hissəsi meydan sahiblərinin hücumları
ilə keçsə də, qapıçı Yaşin və müdafiəçilərin fədakar oyunu rəqibə müvəffəqiyyət qazanmağa
imkan vermir. Fasilədən sonra isə sovet futbolçuları təşəbbüsə yiyələnir və 58-ci dəqiqədə Yuri
Voynovun uzaq məsafədən gözlənilməz zərbəsi oyunun taleyini həll edir - 1:0 və ilk sədd dəf
olunur. Dörddəbir finalda SSRİ komandasının rəqibi İspaniya futbolçuları olur. Amma matç baş
tutmur: İspaniyada hökm sürən Franko diktaturası futbolçuların SSRİ-yə getməsini əngəlləyir:
bu, sovet futbolçuları üçün Fransaya yolun açılması deməkdi.
Marsel qalibləri alqışlayır
Birinci Avropa Kubokunun həlledici mərhələsi Fransada keçirilir. Yarımfinal mücadiləsində
SSRİ Çexoslovakiya ilə, Yuqoslaviya futbolçuları isə fransızlarla qarşılaşırlar. Çexlərlə matç
ərəfəsində komandanın sağ kənar müdafiəçisi Vladimir Kesarevin kor bağırsağından cərrahiyyə
əməliyyatına məruz qalması məşqçiləri başqa variant üzərində işləməyə vadar edir və həmin
mövqe tbilisili Givi Çoxeliyə tapşırılır. Marseldə keçirilən oyunda sovet futbolçuları tam
üstünlüyə malik olur və onlar 3:0 hesabı ilə qalib gəlirlər: topları Valentin İvanov (2) və Viktor
Ponedelnik vururlar.
Digər görüşdə çoxlarının favorit saydığı, 1958-ci il dünya çempionatının bürünc mükafatçısı
Fransa millisi yuqoslavlara uduzur - 4:5. Maraqlıdır ki, matçın bitməsinə 15 dəqiqə qalmış
fransızlar iki top fərqiylə (4:2) irəlidə idi. Məğlubiyyətdən sonra ruhdan düşən meydan sahibləri
üçüncü yer uğrunda görüşdə Çexoslovakiya yığmasına da yenilirlər - 0:2. Avropa kubokunun ilk
sahibləri fəxri mükafat ilə doğma publika qarşısında
"Park de Prens"də 113-cü dəqiqə...
Nəhayət, həlledici görüş! Oyun küləkli, soyuq, yağış və dumanlı hava şəraitində keçirilir. Buna
baxmayaraq, "Park de Prens" stadionunda oyunu 18 min tamaşaçı izləyir. İngiltərədən olan
hakimlər briqadası (A.Ellis, N.Aston, D.Finney) komandaları aşağadakı heyətdə meydana
çıxarır: SSRİ - Yaşin, Çoxeli, Maslenkin, Krutikov, Voynov, Netto (kapitan), Metreveli, İvanov,
Ponedelnik, Bubukin, Mesxi.
Yuqoslaviya - Vidiniç, Durkoviç, Yusifi, Janetiç, Miladinoviç, Peruşiç, Şekularats, Erkoviç,
Qaliç, Matuş, Kostiç (kapitan).
İlk dəqiqələrdən fəal oynayan yuqoslavların kəskin hücumlarını zərərsizləşdirmək SSRİ
komandasına böyük çətinlik hesabına başa gəlir. 43 dəqiqə arxa xətdə səhvsiz oynayan
"qırmızılar" fasiləyə az qalmış top buraxır - Milan Qaliç baş zərbəsiylə hesabı açır. Fasilə zamanı
SSRİ komandasının rəisi Andrey Starostin futbolçuları məzəmmət edərək deyir: "Yuqoslavlar
udmurlar, siz uduzursunuz". Baş məşqçi Qavriil Kaçalin isə uzaq məsafədən zərbələr vurmağı
məsləhət görür.
İkinci hissədə vəziyyət dəyişir: indi sovet futbolçuları topa daha çox nəzarət edirlər. Görüşün
49-cu dəqiqəsi... Valentin Bubukinin təxminən 25 metr məsafədən güclü zərbəsi. Qapıçı Vidiniç
islanmış topu əlində saxlaya bilmir və özünü yetirən Metreveli Hesabı bərabərləşdirir - 1:1. Final
matçının əsas vaxtı bu hesabla başa çatır. 30 dəqiqəlik əlavə vaxt təyin olunur. Görüşün həlledici
anı... 113-cü dəqiqə, Yuri Voynov rəqibi aldadaraq, uzun ötürmə ilə topu Mixail Mesxiyə tərəf
vurur: sol kənar hücumçusu öz növbəsində effektli fəndlə iki müdafiəçini keçir və topu qapı
qarşısına qaldırır. Qapıçını qabaqlayaraq, hücumu dəqiq baş zərbəsiylə yekunlaşdıran Viktor
Ponedelnik hesabı artırır - 2:1. Matçı bu hesabla başa çatdıran SSRİ yığma komandası Avropa
Kubokunu, başqa sözlə, Avropa çempionu adını qazanır. Qalibin mükafatlandırılma mərasimi
məşhur Eyfel qülləsinin banket zalında keçirilir.
"Qızıl qol"un müəllifi
Viktor Ponedelnik - karyerasında daha bir neçə belə "qızıl saniyələr" yaşayıb. İlk Avropa
Kubokunun finalındakı həlledici və tarixi topdan savayı, Cənubi Amerika səfərində (1961)
Argentina və Uruqvay, Çilidə keçirilən 1962-ci il dünya çempionatının final mərhələsində
Yuqoslaviya və Kolumbiya, 1963-64-cü illərdə ikinci Avropa Kuboku turnirində İtaliya, İsveç və
Danimarka milli komandalarının qapılarına vurduğu qollar ona şöhrət gətirib. Rostovun Ordu
İdman Klubunun kapitanı sovet futbolunda hücumçular sırasında öncüllərdən olub. Rostov futbol
məktəbinin yetirməsi Ümumittifaq arenadakı ilk çıxışlardan özünü güclü forvard kimi göstərib.
SSRİ yığma komandasının heyətində debütü 1960-cı ilin baharına təsadüf edir: ilk görüşü
Almaniya Demokratik Respublikası kollektivinə qarşı keçirib. SSRİ yığma komandasında 20
topun müəllifidir.
Epiloq əvəzi...
...Dörd ildən sonra - 1964-cü ildə İspaniyada keçirilən ikinci Avropa Kuboku yarışlarının
finalında meydan sahiblərinə məğlub olan (1:2) SSRİ futbolçuları gümüş medala layiq
görülürlər. Qitə birinciliyində ikinci yeri tutmaq, təbii ki, çox böyük nailiyyətdir. Ancaq bu, indi
belədir, 1964-cü ildə isə məsələyə münasibət tamam başqa cür idi. O vaxt sovet hökumətində
həmin zəfər uğursuzluq kimi qiymətləndirilir və baş məşqçi Konstantin Besnov vəzifədən
kənarlaşdırılır.