Gürcüstan millisinin Lüksemburqu məğlub edərək finala vəsiqə qazanması haqda paylaşım etmişdik. Maraq üçün deyim ki, bir gün sonra bu ölkənin U-19 komandası səfərdə Şotlandiyanı 3:2, U-17 komandası isə Türkiyəni 3:1 hesabı ilə məğlub edib. Bu bir daha onu sübut edir ki, gürcülər sistemli iş qurublar və futbola futbolu bilən insanlar rəhbərlik edir.

Gürcüstan Futbol Federasiyasının prezidenti keçmiş futbolçu Levon Kobiaşvilidir.

Baş katib David Muciri də həmçinin, keçmiş futbolçulardandır.

Birinci vitse-prezident Kaxa Çumburidze də keçmiş futbolçudur. Düzdür, Kobiaşvili və Muciri kimi zəngin karyerası olmasa da, futbol oynayıb. 2000-ci ildən də etibarən müxtəlif klublarda idaredici şəxs kimi müxtəlif vəzifələrdə çalışıb.

Digər vitse-prezident Nikolas Djarkava peşəkar futbol oynamasa da, 2006-cı ildən, yəni 23 yaşından futbolun içindədir. "Dinamo Arena"da direktor köməkçisi, direktor kimi çalışıb, buna qədər menecment təhsili alıb, daha sonra Lozanna universitetində bu sahə üzrə sertifikata yiyələnib. 2016-cı ildə Gürcüstanın ən yaxşı idman meneceri seçilib. Hazırda eyni zamanda oyunlara UEFA nümayəndəsi kimi gedir.

Digər vitse-prezident Aleksandr İaşvili zəngin futbolçu karyerası olan daha bir keçmiş futbolçulardandı. Onu azərbaycanlı futbol azarkeşləri də yaxşı tanıyır, 2014-15-ci ildə Bakı "İnter"in də şərəfini qoruyub.

Daha çox hüquqi işlərlə məşğul olan növbəti vitse-prezident Akakiy Aladaşvili öz ixtisası üzrə ən yüksək ali təhsilə malikdi. Adam hüquq üzrə ikinci ali təhsilini Frayburq universitetində alıb.

Gördüyünüz kimi, Gürcüstan Futbol Federasiyasına rəhbərlik edən, Gürcüstan futboluna cavabdeh olan şəxslərin demək olar ki, hamısı futbolun içindən çıxmış, futbolu sevən, futbolu anlayan insanlardı. . Gürcüstan Futbol Federasiyasının hazırkı rəhbərliyi Gürcüstan futbolunun inkişafını özündə əks etdirən və 2022-2026-cı illəri əhatə edən inkişaf planı tərtib edib, hazırda əsas milli, eləcə də aşağı yaş qruplarından ibarət millilərin qənaətbəxş çıxışı hazırlanan planın düzgün şəkildə icra edildiyinin sübutu sayıla bilər.

Maraq üçün bir faktı da deyim ki, bir neçə il öncə Gürcüstan Futbol Federasiyası Sameqrelo bölgəsində futbol akademiyası inşa etdi. Ruxi kəndində yerləşən bu akademiyanın ərazisində bir təbii ot örtüyü və iki süni örtüklü meydança, müasir işıqlandırma sistemi, tribunalar, 50 nəfərin yerləşə biləcəyi otel-kompleks daxildir. Yaşayış binasında yeməkxana, idman zalı, soyunub-geyinmə otaqları, camaşırxana, hakimlər otağı və tibb otağı fəaliyyət göstərir. Gürcüstan Futbol Federasiyası bu bazanın tikintisinə bizim pulla 3 milyon 900 min manat vəsait xərcləyib. Amma AFFA Tovuzda köhnə iki mərtəbəli binaya əl gəzdirib akademiya kimi ictimaiyyətə təqdim etdi və bunun üçün 4 milyon 300 min manat vəsait xərcləndiyini açıqladı. İki futbol federasiyası arasındakı işə yanaşma fərqinə özünüz fikir verin. Ona görə bu gün Gürcüstan millisi Avropa çempionatının bir addımlığındadır, biz isə FİFA reytinqində 190-cı yerdə olan Monqolustanı əlavə vaxtda güc-bəla vurduğumuz qolla məğlub edirik, hələ utanmadan buna sevinirik...

P.S Gürcüstan Futbol Federasiyasının SOCAR kimi sponsoru olsaydı, çoxdan dünya çempionatının final mərhələsində oynamışdılar...

 

Anar XANLAROV