Ötən ay məlumat yayılmışdı ki, “Neftçi” PFK rəhbərliyi SOCAR tərəfindən ayrılan 30 milyon manata yaxın vəsaiti 6-7 aya xərcləyərək bitirib və kredit götürmək üçün banklara müraciət edib.

 

Bu məlumat rəsmi olaraq təsdiqini tapmadı, amma görünən odur ki, klubda həqiqətən də problemlər var. Ola bilər ki, klubun büdcəsində hələ pulu var, rahat xərcləyə bilər... Ancaq bunun özü də bir problemdir.

 

“Neftçi”də problemləri pulun olmamasından çox, olması yaradır. Dövlət şirkətinin büdcəsindən ayrılan pullar bir qrup adam tərəfindən havaya sovrulur, uğursuz transferlər, məşqçi seçimində xətalar və azarkeşlərlə klub arasındakı uçurum da bir yandan...

 

Hər şey ona görədir ki, klubda düzgün biznes strategiyası aparılmır. Futbol klubu ancaq futbol oynamaq üçün yox, pul qazanmaq üçün də önəmlidir. Amma bu, “Neftçi” PFK-ya aid deyilmiş. Klub son illərdə qazanmaqdan çox xərcləməklə yadda qalıb.

 

Tez-tez Avropa təcrübəsindən, İngiltərə futbolundan danışırıq. Amma faydalı nümunələri tətbiq etməkdə gecikirik.

 

Məsələn, mən düşünürəm ki, “Neftçi” PFK-nın inkişafı ancaq bu klub özəl biznes strukturuna çevriləndən sonra mümkündür. Bu, səhmdar cəmiyyət formatında da ola bilər – səhmlərin bir hissəsi satışa çıxarılar, səhmdarlar da qurultay keçirərək, müəyyən bir müddətə müşahidə şurası və rəhbərlik seçə bilərlər. SOCAR sponsor kimi qala bilər, amma rəhbərlik öz işini özü görməli, qərarları səhmdarların etimadı naminə düzgün verməyə çalışmalıdır. İşləyə bilməsə, göndəriləcək.

 

Mən əminəm ki, irili-xırdalı iş adamlarından “Neftçi”nin səhmlərini almaq istəyən çox olacaq. Ona da əminəm ki, onlar bu klubun səhmdarına çevriləndən sonra, havaya pul sovurmaq arzusunda olmayacaqlar. Necə deyərlər, öz pulunu oğurlamaq nəyə lazımdır?

 

Və yaxud, İngiltərədə “Exeter City” təcrübəsindən də faydalanmaq olar. Bu klubun azarkeşləri trast yaradaraq, klubu alıblar, idarəsində birbaşa iştirak edirlər.

 

Ümumiyyətlə, “Neftçi”nin adına və atributlarına toxunulmamaq şərti ilə SOCAR-ın mülkiyyətindən çıxması vacibdir. Hazırda SOCAR sağmal bir inəyi xatırladır, “Neftçi” isə süd yanığı olan şikəst buzovu... 

 

Nə vaxt ki, “Neftçi”ni idarə edənlər pulu hara və necə xərcləməyi öyrənəcəklər, o zaman da hansısa uğurların şahidi olacağıq. Onları öyrətmək üçün isə nə zaman var, nə də “Neftçi” hazırlıq kursudur... Pulunun qədrini bilən ağıllı iş adamları “Neftçi”yə səhmdar olsalar, klubdakı korrupsiyanın da kökü kəsilər, azarkeşlərin də nəhayət üzü gülər.

 

Rüfət Əhmədzadə