Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının 1-ci tur oyunundan əvvəl fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdən fərqli olacaq. Qazaxıstan, Slovakiya və Belarusla bir qrupda mübarizə aparırıq. Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq”.

66 yaşlı mütəxəssis sabahkı matç üçün heyəti müəyyənləşdirdiyini bildirib: "Amma indi bunu açıqlaya bilmərəm. Sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.

De Byazi düşündüyü bütün oyunçuları növbəti görüşlər üçün komandaya cəlb etdiyini vurğulayıb: “Bəzi oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir".

Baş məşqçi heyətdə itkinin olmadığını sözlərinə əlavə edib: "İlk oyun çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir".

İyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.