"Turan Tovuz" 6 yeni futbolçunun keçidini razılaşdırıb.

Rekord.az xəbər verir ki, qapıçılar - Kamal Bayramov və Tərlan Əhmədli, hücumçu Amil Yunanovla ortaq məxrəcə gələn Premyer Liqamızın debütantı daha 3 oyunçunun heyətində görəcək.

Bunlar komandanın yeni baş məşqçisi Ayxan Abbasova yaxşı tanış olan, "Sumqayıt"da rəhbərliyi altında çıxış etmiş müdafiəçilər Şəhriyar Əliyevlə Eltun Turabov, habelə axır 2 mövsümü sonradan "Şamaxı"ya çevrilən "Keşlə"də icarədə keçirən yarımmüdafiəçi Turan Vəlizadədi. U-21 yığmamızın bu gənc futbolçunu müqaviləylə məxsus olduğu "Neftçi" yenə 1 illiyə icarəyə verəcək.

İcarədən söz düşmüşkən, tovuzlular heyətin komplıekləşdirilməsində buna xüsusi diqqət yetirəcək. Belə ki, "Qarabağ", "Neftçi" və "Sabah"a bununla bağlı müraciət edilib. 

"Turan Tovuz" Kamal və Amil kimi tovuzlu olan daha bri təcrübəli futbolçuya - Elvin Məmmədova da marağını saxlayır. Sadəcə, "Sumqayıt"la müqaviləsi bitən bu 34 yaşlı yarımmüdafiəçi ailə məsələlərinə görə hələ doğma məkanının təmsilçisinə yekun cavabını verməyib. (sport24.az)